İranın Xarici İşlər Nazirliyi MKİ şefinin sözlərinə reaksiya verdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) rəisi Con Bernanın İran barədə səsləndirdiyi fikirləri yersiz və şübhəli adlandırıb.
Bəhram Qasemi bazar ertəsi günü(1 avqust) MKİ şefinin "İran və Amerika arasında geniş müzakirələr cərəyan edir" deməsinə reaksiya olaraq bildirib: "Nüvə məsələsi istisna olmaqla İran və Amerika arasında hansısa müzakirə mövzusu olmayıb və yoxdur".
İran XİN sözçüsü Con Bernanın İranın daxili məsələləri barədə yersiz və mənasız fikirlər səsləndirə biləcək bir mövqeyə malik olmadığını deyərək, vurğulayıb: Amerikalı rəsmilər tərəfindən bu kimi fikirlərin səsləndirilməsində məqsəd İran ictimaiyyətində ixtilaf və təfriqə törətməkdir. Amma, bu kimi səylər öncədən uğursuzluğa məhkumdur.
Bəhram Qasemi İran xalqı və dövləti arasındakı birlik, həmrəylik və yekdilliyi region və dünyada misilsiz adlandırıb və deyib: İran xalqı bu kimi yersiz və qərəzli sözlərə uymayacaq qədər ayıqdır.
İran XİN sözçüsü həmçinin deyib: İran xalqı Qərbin xüsusi xidmət orqanları tərəfindən qondarma şəkildə müxtəlif dəstələrə bölüşdürülməsinə baxmayaraq, milli maraqların müdafiəsində daim birlik və həmrəyliyə malik olub və xalq ilə dövlət arasındakı birliyi dəfələrlə sübut edib.