Fev 20, 2017 10:28 Asia/Baku
  • Zərif: İran təhdidlərdən qorxmur
    Zərif: İran təhdidlərdən qorxmur

İranın xarici işlər naziri dünən Almaniyada keçirilən 53-cü Münhen Təhlükəsizlik Konfransındakı çıxışından sonra bir sual-cavab iclasında belə qeyd edib: İran İslam Respublikası təhdidlərdən qorxmur, amma qarşılıqlı hörməti dəyərli bilir.

IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif bəzi ölkələrin uzun illər boyu İran İslam Respublikasını təhdid və sanksiya ilə sınamağa çalışdıqlarını qeyd edərək, deyib: Zalımcasına sanksiyaların tətbiqindən öncə İranın sentrifuqalarının sayı 200 ədəddən az idi, amma Amerikanın müzakirə masasına gəldiyi zaman İran İslam Respublikası 20 min sentrifuqaya malik idi. Bu da onu göstərir ki, İran təhdid və sanksiyalara yaxşı cavab vermir.

"İran İslam Respublikası heç vaxt nüvə silahının düzəldilməsi ardınca olmayıb və deyil" deyən İranın xarici işlər naziri bildirib ki, NPT-yə üzv olmayan tərəflərin özləri dünya ictimaiyyətinə qarşı ən böyük hədədirlər, ancaq həyasızcasına İranın nüvə təhdidindən danışırlar, halbuki İranın nüvə proqramının dinc məqsədli olmasına əmin olmaqdan ötrü bütün mexanizmlər mövcuddur.

"İslam dini qardaşlıq dinidir və İran İslam Respublikası daim böhranların həlli üçün digər region ölkələri ilə dialoq tərəfdarı olub" söyləyən Zərif bildirib ki, İran İslam Respublikası regionda zorakılıqlara son qoymaq üçün qonşu ölkələrlə həmkarlıq ardıncadır.

Münhen Təhlükəsizlik Konfransı bazar günü işini başa vurub və İranın xarici işlər naziri bu konfransın əsas iştirakçılarından biri olubdur.

Münhen Təhlükəsizlik Konfransında mühüm beynəlxalq mövzular, o sıradan NATO-nun gələcəyi, dünya nizamı, insan təhlükəsizliyi, terrorizm və ekstremizm, eləcə də cənub-şərqi Asiya, Koreya yarımadası, ərəb dünyası, Suriya və Ukrayna böhranlarına şamil olan regional məsələlər ümumi iclaslar formasında nəzərdən keçirilibdir.

Teqlər