Prezidentliyə namizədlərin təbliğatları davam edir
İranda prezidentliyə namizədlər dünən də təbliğat proqramlarında öz hədəf və gələcək planlarını şərh ediblər.
12-ci prezident seçkiləri və 5-ci kənd və şəhər şura seçkiləri cümə günü, 2017-ci il mayın 19-da keçiriləcək.
Prezident seçkilərinə namizəd- Seyid İbrahim Rəisi də çərşənbə günü Tehranın qərbində yerləşən Şəhriyar məntəqəsində deyib: Ölkənin hazırkı imkanları ilə problemlərin aradan qaldırılması və milyonluq iş yerinin yaradılması mümkündür. Rəisi əlavə edib: Biz düyünlərin açılması üçün xalqın qüdrətli əllərinə göz dikmişik.
Prezident seçkilərinə digər namizəd- Seyid Mustafa Haşemi Təba da İranın 3-cü telekanalı ilə müsahibədə sərhəd məntəqələrində məşğulluğun yaradılması haqda deyib: Təbii ehtiyatların qorunması və xüsusən neftlə münbit məntəqələrdə ekoloji çirklənmələrin qarşısının alınması əsas prioritetdir.
Haşemi Təba həmçinin müqavimət iqtisadiyyatına diqqəti İran iqtisadiyyatının yol xəritəsi adlandırıb.
12-ci prezident seçkilərinə digər namizəd-Mohəmməd Qalibaf da çərşənbə günü Tehranda keçirilən bir mərasimdə ölkədə məhrumluğun aradan qaldırılmasına səy göstərməyi vurğulayaraq, deyib: Bu gün ölkənin əsas böhranı işsizlik və məşğulluqdur və əgər bu problemlərin həlli istiqamətində hərəkət edə bilsək, sosial bir böhranın qarşısını almış olacağıq. Qalibaf həmçinin özünün dörd ildə beş milyon iş yerinin yaradılmasına dair vədini bir daha vurğulayıbdır.
12-ci prezident seçkilərinə başqa bir namizəd- Mustafa Mirsəlim də çərşənbə günü bir radio müsahibəsində ötən bir neçə onillikdə virtual mühitin meydana gəlməsini beynəlxalq dəyişikliyin ən böyük təzahürlərindən biri adlandırıb. O, bunun beynəlxalq səviyyədə müxtəlif mədəni, ictimai, iqtisadi, siyasi və hətta təhlükəsizlik və müdafiə istiqamətlərindəki təsirlərinə toxunaraq, deyib: Dövlətlər öz proqramlarının icrasında bu fürsətdən bəhrələnməlidirlər.
Ölkə prezidenti və 12-ci prezident seçkilərinə namizəd Həsən Ruhani də çərşənbə günü İslam Şurası Məclisinin bir qrup nümayəndəsi qarşısında bildirib ki, İranın qüdrət simvollarından biri, seçki qutularıdır. O, deyib: Bu seçkilərdə 55 milyon nəfər səsvermə haqqına malikdir ki, onların azı 40 milyon nəfərinin seçkilərdə iştirak etməsinə səy göstərməliyik.
Ruhani əlavə edib: Ötən seçkilərdə səsvermə haqqına malik olanların 73 faizi iştirak edibdir ki, əgər bu dövrdə bu rəqəm 80 faizə çatarsa, xoşbəxtlik mənbəyi olmuş olacaq.
12-ci prezident seçkilərinə digər bir namizəd İshaq Cahangiri isə çərşənbə günü jurnalistlər qarşısında deyib: Xalqın iştirakı İslam Respublikası üçün olduqca mühüm bir ehtiyacdır və xalqın seçkilərdə iştirakının yüksək səviyyədə olması üçün hər bir maraqlanan şəxs kömək etməlidir.
Cahangiri habelə Frans-Press-lə müsahibədə deyib: İranlılar Amerika prezidenti Donald Tramp tərəfindən gərgin atmosferin yaradılmasına rəğmən, dünyaya qapıların və fəzanın açılmasına səs verəcəklər.