May 12, 2017 11:47 Asia/Baku
  • İran prezident seçkiləri ərəfəsində
    İran prezident seçkiləri ərəfəsində

İranda prezident seçkilərinə qalan günlər azaldıqca seçki təbliğatları da artır.

Ölkənin təhlükəsizliyi quruluşun proqramlarının prioritetini təşkil edir və seçkilərin keçirilməsi bu prinsipin göstəricisi olaraq, toxunulmazlığa malikdir. 

İrandakı İslam quruluşu ölkənin ən demokratik quruluşu sayılır və hər bir vətəndaş siyasi baxışlarından asılı olmayaraq, heç bir məhdudiyyət ilə üzləşmədən seçkilərdə iştirak edir. Ötən 38 ildə İranda elə bu illərin sayı qədər seçkilər keçirilib. Bu da öz növündə misilsizdir. 

İslam inqilabının böyük rəhbəri bu xüsusda "19 May 2017-ci il" seçkilərinə işarə edərək, deyiblər: Seçkilər elə bir məsələdir ki, həm ölkənin başucalığına səbəb ola bilər, həm də süstlük və zəifliyə səbəb olaraq, problemlər yarada bilər. 

Həzrət ayətullahülüzma Xamenei əlavə ediblər: Əgər xalq seçkilərdə iştirak edərsə və bu iştirak nizamlı qaydada olarsa, əxlaq ilə yanaşı olarsa və İslam şəriəti və qanunlarının qorunması ilə olarsa, o zaman heç şübhəsiz seçkilər İslam Respublikası quruluşu üçün baş ucalığı və izzət gətirmiş olacaq. Amma, seçkilər qanun pozuntusu, əxlaqsızlıq ilə  yanaşı olarsa, düşməni sevindirər. Belə bir seçki bizim zərərimizə olar.

Bu gün də prezident seçkilərinin 6 namizədinin iştirakı ilə 3-cü və sonuncu tele-debat keçiriləcək. Bu isə həm xalq, həm siyasi cərəyanlar, həm də namizədlər üçün böyük önəm kəsb edir. Tele-debatların təşkil edilməsi ilə bütün diqqətlər gələcək cüməyə, prezident seçkilərinə daha artıq yönəlmiş olacaq. 

Bu günlər namizədlər xalqın etimadını cəlb etmək üçün var gücləri ilə səy göstərir və xalqı seçkilərdə iştiraka həvəsləndirirlər. 

İranda prezident seçkiləri 19 May 2017-ci ildə keçiriləcək. 

Prezident seçkiləri namizədlərindən olan İbrahim Rəisi Sadat çərşənbə günü Tehranın qərbində, Şəhriyar məntəqəsində olub. Rəisi Şəhriyarda olduğu zaman deyib: "Ölkənin hazırkı imkanlarından istifadə edərək, problemləri həll etmək və milyonlarla yeni iş yeri yaratmaq mümkündür."

Rəisi daha sonra deyib: "Problemləri həll etmək üçün bizim yeganə ümidimiz xalqın bacarıqlı əlləridir."

Prezident seçkiləri namizədlərindən Mustafa Haşemitəba da İranın 3-cü telekanalında olaraq, sərhəd məntəqələrində məşğulluq məsələsindən danışıb: "Təbii qaynaqların qorunması və xüsusi ilə neft ilə zəngin olan məntəqələrdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir."

Haşemitəba daha sonra "müqavimət iqtisadiyyatı"nı İran iqtisadiyyatı üçün yol xəritəsi adlandırıb. 

İranda prezident seçkiləri namizədlərindən olan Məhəmməd Baqer Qalibaf da çərşənbə günü Tehranda keçirilən bir mərasimdə məhdudiyyətlərin azaldılmasına çalışacağını deyib: "Bu gün ölkənin ən ciddi problemi işsizlikdir. Əgər bu problemin həlli istiqamətində hərəkət etməyə nail olarsaq, ictimai bir böhranın önünü kəsmiş olarıq."

Qalibaf daha sonra bir daha 4 ildə 5 milyon iş  yerinin yaradılması ilə bağlı vədini təkrar edib. 

Mustafa Ağamirsəlim də prezident seçkiləri namizədlərindən biri kimi çərşənbə günü İranın Teleradio Təşkilatında olub. Ağamirsəlim qonağı olduğu radioda ötən bir neçə on ildə formalaşan virtual aləmi ən mühüm qlobal dəyişikliklərdən adlandırıb və virtual aləmin mədəniyyət, ictimaiyyət, iqtisadiyyat, siyasət və hətta, təhlükəsizlik və müdafiə sahəsindəki təsirlərinə işarə edərək, deyib: "Dövlətlər bu fürsətdən öz proqramlarını həyata keçirmək üçün istifadə etməlidirlər."

Prezident seçkiləri namizədlərindən olan Həsən Ruhani də çərşənbə günü İran İslam Şurası Məclisinin üzvləri qarşısında çıxış edərək, İranın əsas güc qaynaqlarından birini seçki sandıqları adlandırıb və deyib: "Bu seçkilərdə səsvermə haqqına malik olan  55 milyon  seçicimiz var. Bu insanlardan ən azı 40 milyon nəfərinin seçkilərdə iştirak etməsi üçün ciddi səylər göstərilməlidir. Ötən seçkilərdə səsvermə haqqına malik olanların 73% seçkilərdə iştirak etmişdi və əgər hazırkı seçkilərdə bu rəqəmi 80%-ə çatdıra bilsək, bu, böyük bir xoşbəxtlik qaynağı olacaq."

Prezident seçkiləri namizədlərindən olan İshaq Cahangiri də çərşənbə günü jurnalistlər qarşısında deyib: " Xalqın seçkilərdə iştirakı İran İslam Respublikası üçün son dərəcə önəmli və zəruri bir məsələdir. Buna görə də, hər bir şəxs xalqın seçkilərdə geniş iştirakına şərait yaratmağa çalışmalıdır."

Cahangiri həmçinin Frans Press-ə müsahibəsində deyib: "İranlılar ABŞ prezidenti Donald Trampın qalmaqal yaratmasına rəğmən, vəziyyətin yaxşılaşmasına və qapıların dünyanın üzünə açılmasına səs verəcəklər."

Teqlər