Terrorçuların mühasirəsi; Tehranda tam dinclik
Təhlükəsizlik qüvvələrinin səyi ilə İran İslam Şurası Məclisinin binasındakı terrorçular tam mühasirəyə düşüblər və Tehranın cənubunda İmam Xomeyni (rə) pak məqbərəsinə də tam sakitlik hakimdir.
Silahlı şəxslər bu gün səhər qadın geyimində İran parlament binasına girdikdən sonra parlamentin mühafizə qüvvələri ilə toqquşub və onlara doğru atəş açıblar. Nəticədə bir neçə nəfər şəhid olub və yaralanıb.
4 silahlı terrorçu da Tehranın cənubunda Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsinə girərək atəş açmağa başlayıblar. Nəticədə bir nəfər şəhid olub və dörd nəfər də yaralanıb.
İŞİD terror qruplaşması Tehranda bugünkü terror aktlarının məsuliyyətini üzərinə götürüb.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi parlament binasının terrorçulardan təmizlənməsi əməliyyatının keçirildiyini bəyan edərək deyib: Belə terror aktları İranın davamlı təhlükəsizliyinə zərbə vura bilməz.
İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari də deyib: Terrorçular tam mühasirədədirlər.
Bu gün səhər Həzrət İmam Xomeyninin (rə) məqbərəsində silahlı insidentdən sonra vəziyyət tam normallaşıb. Hətta İmamın məqbərəsində günorta və əsr namazları camaat şəklində qılınıb.
Tehran valisi Hüseyn Haşimi də jurnalistlərlə müsahibədə İmam Xomeyni (rə) məqbərəsi və İran parlamentindəki terror aktlarına toxunaraq deyib: Hər iki məkanda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətindədir.