Laricani İslam ölkələrinin ABŞ-ın fitnələri qarşısında sayıq olmalarını vurğulayıb
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri İslam ölkələrinin ABŞ-ın regiondakı fitnələri qarşısında sayıq olmalarını vurğulayıb.
Əli Laricani dünən Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransının başa çatmasından sonra bir mətbuat konfransında amerikanlar tərəfindən Suriyanın Riqqə şəhərinin şimalında yaradılmış hərbi bazalar barədə belə söyləyib: İslam ölkələri, xüsusən Suriya dövləti Amerikanın planları barədə sayıq olmalıdırlar.
Laricani Amerikanın regiondakı avantürasına toxunaraq, əlavə edib: İŞİD terror qrupuna qarşı İran-Türkiyə-Rusiya koalisiyası yaradılandan və həmin qrupa ölümcül zərbə endirəndən sonra amerikalılar geri qalmaq istəmədilər. Bu üzdən, onlar regionda iştirak etmək istədilər.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Amerikanın Suriyadakı iştirakını terrorçuları himayə məqsədli adlandırıb və bildirib ki, amerikalılar Suriyaya çoxlu sayda hərbi yük daxil ediblər.
Laricani vurğulayıb: Bu gün İslam ölkələri siyasi əməkdaşlıqlardan əlavə, kəşfiyyat həmkarlıqlarına malik olmalıdırlar ki, İŞİD terror qrupu ilə mübarizədə müvəffəq olmuş olsunlar.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri həmçinin Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransı barədə deyib: İslam ölkələri başçılarının bu konfransdakı diqqətəlayiq iştirakı göstərir ki, İranın imkanları bir çox ölkə üçün önəmlidir.
Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransı çərşənbə günü bir bəyanat qəbul edərək, öz işini başa vurub.