Mart 12, 2018 14:31 Asia/Baku
  • Zərif: İran Pakistanın enerjisini təmin etməyə hazırdır
    Zərif: İran Pakistanın enerjisini təmin etməyə hazırdır

İranın xarici işlər naziri İslamabadda keçirilən İran və Pakistan ticarət konfransında Tehranın Pakistanın enerji ehtiyatlarının təmini üçün tam hazır olduğunu bildirib.

Məhəmməd Cavad Zərif bu gün bu konfransda İranın Pakistana qaz köçürülməsi xəttinin inşası üzrə addımlarına toxunaraq, deyib: Tehran İrandan Pakistana qaz ixracatı müqaviləsi sahəsindəki öhdəliklərinə əməl etmək istiqamətində indiyədək bu boru kəmərinin inşası üçün iki milyard dollardan çox pul xərcləyib və pakistanlı dostlarının bu müqavilədəki öhdəliklərinə əməl etmələrini gözləyir.

Zərif deyib ki, Tehran və İslamabad müxtəlif ticarət sahələrində və hətta turizm sənayesi sahəsində bir-birilərinin ehtiyaclarının təminedicisi və təkmilləşdiricisi ola bilərlər. O, əlavə edib: Bəzi gömrük problemləri və bank əlaqəsinin olmaması kimi bütün maneə və problemlərə rəğmən, İran-Pakistan iqtisadi mübadilələri həcmi ötən doqquz ayda əlli faiz artımla 982 milyon dollara çatıbdır.

İranın xarici işlər naziri Çin-Pakistan müştərək iqtisadi koridoru barədə isə belə deyib: İran, Çin-Pakistan iqtisadi koridoru layihəsi daxil olmaqla son onilliklərdə, qəbul etdirilmiş savaşlar və gərginliklər kimi faciələrə düçar olmuş regionun və xalqın rifahının artırılmasına səbəb olacaq hər bir layihəni alqışlayır.

Pakistanın xarici işlər naziri Xacə Muhəmməd Asəf də İran və Pakistan ticarət konfransında İranın xarici işlər nazirinin iki ölkə arasındakı ticarət həmkarlıqlarının gücləndirilməsi təklifini alqışlayıb və bildirib ki, Pakistan dövləti iki ölkənin ticarət otaqları arasındakı əməkdaşlıqların gücləndirilməsinə çalışır.

Asəf əlavə edib: İran və Pakistanın mərkəzi bankları arasında ikitərəfli bank imkanlarının yaradılması üzrə müzakirələr aparılır və tezliklə diqqətəlayiq irəliləyişlər əldə olunacaqdır.

Teqlər