İraqçı: Əcnəbi hərbçilərin çıxması Əfqanıstanda sülhün başlanğıcıdır
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Əcnəbi hərbçilərin Əfqanıstandan çıxışı bu ölkədə sülh istiqamətində hərəkətin başlanğıcıdır.
Əfqanıstanda Sülh konfransında iştirak etmək məqsədilə bir heyətin müşayiəti ilə Özbəkistan paytaxtı Daşkəndə səfər edən İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı çərşənbə axşamı günü bu konfransda Əfqanıstandakı müharibə və destabilliyi əcnəbi hərbçilərin iştirakının nəticəsi adlandırıb.
Əfqanıstan böhranının həlli üzrə hərbi seçimin elə əvvəldən məğlubiyyətə uğradığını və gələcəkdə də məğlubiyyətə uğrayacağını qeyd edən İraqçı silahlı müxalifətin sülh müzakirələri prosesinə dəvət edilməsi üzrə Əfqanıstan prezidentinin təşəbbüsünü alqışlayıb.
İran xarici işlər nazirinin müavini həmçinin İslam Respublikasının Əfqanıstanda sülh prosesinin irəlilədilməsi məqsədilə bu ölkə hökumətinə kömək etməyə hazır olduğunu bildirib.
"Əfqanıstanda Sülh, regional təhlükəsizlik əməkdaşlığı" mövzusunda Daşkənd konfransı 27 martda Özbəkistan və Əfqanıstan prezidentləri, 25 ölkə, regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilib.