Ruhani: İran xalqı xarici təzyiqə təslim olmayacaq
İran İslam Respublikası prezidenti İsveçrədə yaşayan bir qrup iranlı qarşısında İran xalqının xarici təzyiqə heç vaxt təslim olmayacağını bəyan edərək xaricdə yaşayan iranlıları xalqın səfirləri adlandırıb və onlardan reallıqları bəyan və ölkə daxilində iranlılara investisiyalar yatırmaq üçün kömək etmələrini istəyib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani İsveçrə rəsmiləri ilə görüşmək məqsədilə Bernə səfər edib. Bazar ertəsi gecə İsveçrədə yaşayan iranlılardan bir qrupu ilə görüşən prezident Ruhani ölkədən kənardakı iranlıların dəyərli fəaliyyətlərinin alqışalayiq olduğunu bildirərək deyib: Hamımızın vəzifəsi xalqın inkişafı və rifahını artırmağa çalışmaqdır.
Maddi və mənəvi həyatımızın İranın başıucalığı və inkişafı çərçivəsində olduğunu qeyd edən Həsən Ruhani bildirib: Hökumətin səyi xalq kütlələrinin birliyi və köməkliyi ilə milli məqsədlərin reallaşmasıdır.
İran prezidenti İran xalqının məntiqinin dünya qüdrətləri ilə müzakirədə sübuta yetirildiyinə toxunaraq deyib: Nüvə sazişinin icrası çərçivəsində İranın dünya ilə elmi və iqtisadi anlaşması və mübadiləsi gücləndi və əsasən də xaricdə yaşayan iranlılar tərəfindən müxtəlif sahələrdə milyardlarla dollar dəyərində sərmayə qoyuldu.
Prezident Ruhani nüvə sazişinin İran və dünyanın mənafeyi istiqamətində imzalandığını bildirərək deyib: İranın məntiqi dəyişməyib, amma məntiqsiz bir tərəf nüvə sazişindən çıxıb. Məqsədi isə İran xalqına təzyiq göstərməkdir.
Ruhani əlavə edib: ABŞ-ın sanksiyalarda məqsədi İran xalqının həyatına təzyiq göstərməkdir. Lakin iddia edir ki, İran hökumətinə təzyiq göstərmək istəyir. Halbuki dərman kimi ehtiyac duyulan məhsulların idxalının qarşısını almaq, eləcə də İran neftinin ixracının qarşısını almağa cəhd etmək İran xalqına əlavə təzyiq göstərmək mənasındadır.