İyul 04, 2018 17:53 Asia/Baku
  • Ruhani: Nüvə anlaşması İran, Avropa Birliyi və dünya üçün çox önəmli bir anlaşmadır
    Ruhani: Nüvə anlaşması İran, Avropa Birliyi və dünya üçün çox önəmli bir anlaşmadır

İran İslam Respublikası prezidenti çərşənbə günü Vyanada Avstriya prezidenti Aleksandr Van Der Bellen ilə birgə mətbuat konfransında nüvə anlaşmasını İran, Avropa Birliyi və dünya üçün çox mühüm anlaşma adlandırıb və deyib: ABŞ-ın nüvə anlaşmasından çıxması qanuna, Təhlükəsizlik Şurasının qərarlarına və çoxtərəfli öhdəliklərə zidd olmaqla yanaşı, ABŞ və digərlərinin zərərinə olacaq.

Həsən Ruhani İranın nüvə anlaşmasının faydalarından yararlana biləcəyi təqdirdə bu anlaşmanı qoruyacağını deyərək, əlavə edib: Nüvə anlaşmasında qalan üzvlərin İranın mənafeyini təmin edəcəyi təqdirdə, İran Amerikasız nüvə anlaşmasını davam etdirəcək. 

İran prezidenti artıq birtərəflilik dövrünün başa çatdığını deyərək, bir ölkənin dünya və xalqların taleyi barədə qərar qəbul edə bilməyəcəyini bildirib və deyib: Regionda sülh və təhlükəsizliyin bərpa edilməsi region və dünya üçün faydalı olacaq. 

Ruhani Asiyanın qərbində cərəyan edən hadisələrin araşdırılmasını Avstriya rəsmiləri ilə müzakirələrinin digər mövzusu adlandırıb və deyib: İranın terrorizm ilə mübarizə istiqamətində atdığı addımlar, İraq və Suriya xalqlarına etdiyi yardımlar, Yəmən xalqına yardım edilməsi və ABŞ və İsrailin regiondakı təxribatçı hərəkətləri haqda da danışıqlarımız oldu. 

İran prezidenti həmçinin, Avstriyanın İran heyətini yüksək səviyyədə qarşılamasını alqışlayıb və deyib: İran və Avstriya arasındakı əlaqələr ötən on illiklərdə daim inkişaf halında olub. 

Avstriya prezidenti Aleksandr Van Der Bellen də iki ölkə arasındakı əlaqələrin dərin köklərə malik olduğunu xatırladıb və deyib: Avstriya və İran diplomatik və siyasi əlaqələrin qurulmasının 160-cı ildönümünü qeyd edir və iki ölkə arasındakı əlaqələrin ən azı 500 yaşı var. 

Avstriya prezidenti həmçinin, ABŞ-ın nüvə anlaşmasından çıxmasını təəssüfləndirici hal adlandırıb və İrana qarşı sanksiyaların yenidən bərpa edilməsini insan haqlarını zidd hərəkət hesab edib. 

Teqlər