İran prezidenti Fransa və Almaniya başçıları ilə telefon əlaqəsi saxlayıb
İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı Fransa prezidenti Emanuel Makron ilə telefon söhbətində üç Avropa ölkəsinin nüvə anlaşması çərçivəsində hazırladığı təklif paketinin İran tərəfindn araşdırılmaqda olduğuna işarə edərək, cümə günü Vyanada İran və 4+1 ölkələrinin xarici işlər nazirləri iclasında nəzərdə tutulmuş məsələlərə ciddi şəkildə yanaşılmasına və İran İslam Respublikasının əməkdaşlıqların davam etdirilməsi üzrə istəklərinin təmin olunmasına təkid edib.
İRNA-nınməlumatına görə, Həsən Ruhani Fransanın Əhatəli Birgə Əməkdaşlıq Planı çərçivəsində ötən aylarda atdığı addımları müsbət dəyərləndirib və deyib: Avropanın nüvə anlaşmasının davam etdirilməsi üzrə hazırladığı təklif paketi İranın bütün istəklərini əhatə etmir və ümidvarıq Vyana iclası nüvə anlaşması çərçivəsində əməkdaşlıqların davam etdirilməsi üçün İranın istəklərini təmin etmiş olsun.
Fransa prezidenti də bu telefon danışığında AB-nin nüvə anlaşmasını qorumaq üzrə səylərini davam etdirəcəyini bildirib və deyib: Cümə günü İran və 4+1 ölkələrinin xarici işlər nazirlərinin Vyanada baş tutacaq iclası əməkdaşlıqların davam etdirilməsi üçün siyasi və iqtisadi məsələlər arasında münasib tarazlıq yarada bilər.
İran prezidenti həmçinin, cümə axşamı Almaniya kansleri Angela Merkel ilə telefon danışığında deyib: Əgər Vyana iclası İranı əməkdaşlıqların davam etdirilməsinə həvəsləndirmək üçün ümiverici olarsa, Avropa ilə əməkdaşlıq yolunu davam etdirəcəyik.