Ruhani: Amerikanlar region xalqları arasında görünməyə cürət etmirlər
İran İslam Respublikası prezidenti ABŞ prezidenti donald Trampın İraqa gizli səfərinə toxunaraq deyib: Amerikanlar İraq, Suriya, Livan və Yəmən xalqları arasında görünməyə cürət etmirlər.
İİR prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında amerikanların 2003-cü ildən bəri İraq və Əfqanıstan xalqlarının xilasedicisi olduqlarını iddia etdiklərini bildirərək deyib: Amerika İraqı xilas edibdirsə bəs nəyə görə, Tramp bu ölkəyə rəsmi və açıq-aşkar səfər etmədi?
Ruhani deyib: Trampın İraqa gecə çağında gizlicə səfəri və bu ölkəni dərhal da tərk etməsi Amerikanın regiondakı məğlubiyyətini göstərir.
İİR prezidenti ümidvar olduğunu bildirib ki, Ağ ev rəsmiləri 2019-cu ildə öz məğlubiyyətlərindən ibrət alacaq və region xalqları xüsusiylə də Fələstin xalqının işlərinə qarışmayacaqlar.
Ruhani həmçinin Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq deyib: İranın iqtisadi fəaliyyəti düşmənlərin təzyiqlərinə rəğmən müsbət və ümidvericidir.
İİR prezidenti deyib: Amerikanlar İran nefti və neft məmulatlarının ixracatına mane olmaq sahəsindəki məqsədlərinə heç cür çatmayacaqlar.
Ruhani İranın müdafiə potensialının düşmənlərin təhdidlərinə qarşı artmasını zəruri hesab edib.