Zərif Dohada Türkiyə, Qətər və Şrilankalı həmkarları ilə görüşdü
-
Zərif Dohada Türkiyə, Qətər və Şrilankalı həmkarları ilə görüşdü
İran İslam Respublikasının xarici işlər naziri Qətərin paytaxtı Dohada keçirilən Asiya Əməkdaşlıqları Dialoqu Assambleyasının kənarında Türkiyə, Qətər və Şrilankanın xarici işlər nazirləri ilə görüşüb.
Məhəmməd Cavad Zərif çərşənbə günü Dohada Türkiyə, Qətər və Şrilankanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmməd bin Əbdürrəhman bin Casim Ali Sani və Tilak Marapana ilə görüşüb, ikitərəfli münasibətlər habelə, regional və beynəlxalq məsələləri müzakirə edib.
Zərif Tilak Marapana ilə görüşdə Şrilankada törədilən son terror aktını qınayaraq, terrorizmi qlobal problem adlandırıb və İranın bu nəhs fenomen ilə mübarizədə əməkdaşlığa hazır olduğunu bildirib.
İkitərəfli münasibətlər xüsusilə iqtisadi əlaqələr İran və Şrilanka xarici işlər nazirləri arasında müzakirə edilən digər mövzular olub.
Zərif çərşənbə axşamı Asiya Əməkdaşlıqları Dialoqu Assambleyasının xarici işlər nazirlərinin 16-cı iclasında iştirak etmək üçün Dohaya səfər edib.
Asiya Əməkdaşlıqları Dialoqu Assambleyası 2002-ci ilin iyununda Asiya ölkələrinin iqtisadi inkişafına kömək etmək və regionda davamlı sülhə nail olmaq üçün dialoq və fikir mübadiləsinin aparılması məqsədilə təsis edilib. Hal hazırda 34 ölkə bu assambleyanın üzvüdür.