İraqçı: İranın nüvə anlaşmasından çıxması gündəmdədir
İran İslam Respublikası xarici işlər nazirinin müavini Tehranın indiyə kimi nüvə anlaşmasından çıxmadığına işarə edərək, dedi: İran İslam Respublikası bu beynəlxalq anlaşmadan çıxmağı iş gündəminə daxil edib.
Abbas İraqçı çərşənbə günü gecə İranın ikinci telekanalının xüsusi xəbər buraxılışında dedi: Heç bir ölkə İranı nüvə anlaşmasından çıxmaqda və ya onu pozmaqda ittiham edə bilməz. Çünki, İranın atdığı bütün addımlar hətta, son addımları belə nüvə anlaşması çərçivəsində olub.
İranın xarici işlər nazirinin müavini həmçinin dedi: İran İslam Respublikası indiyə kimi nüvə anlaşmasından çıxmayıb. Amma, bu anlaşmadan çıxmaq məsələsi iş gündəminə daxil edilib və bu addım mərhələli şəkildə həyata keçiriləcək.
İranın xarici işlər nazirinin müavini əlavə etdi: ABŞ prezidenti Donald Tramp ilk başdan elə bir şərait yaratdı ki, İran nüvə anlaşmasından çıxsın. Amma, ABŞ-ın bu rəftarı ilə məntiq əsasında rəftar edildi.
İraqçı əlavə etdi: Amerika addım-addım İrana qarşı sanksiyalar və təzyiqləri ağırlaşdırdı. Amma, İran ağılla hərəkət edərək, ABŞ-ın bu təhrikedici tələsinə düşməməyə çalışdı və anlaşmanın digər üzvlərinə və dünyaya fürsət verdi.
İranın xarici işlər nazirinin müavini əlavə etdi: İranın Avropa, Rusiya və Çinə verdiyi fürsət ABŞ-ın İranın neft satışını sıfıra endirəcəyini elan etməsinə səbəb oldu. Nəticədə İran nüvə anlaşması qarşısındakı bəzi öhdəliklərinin azaldılması mərhələsinə daxil oldu.
İraqçı təkid etdi: Nüvə anlaşmasına üzv ölkələr bilirlər ki. İranın işini Təhlükəsizlik Şurasına aparmaq İranın qırmızı xəttidir və əgər bu qırmızı xətdən keçilərsə, nüvə anlaşması birdəfəlik olaraq bitmiş olacaq.