Sen 05, 2020 10:50 Asia/Baku
  • İsveçrə Xİ nazirinin Tehran səfərinin İran-ABŞ məsələləri ilə əlaqəsi yoxdur

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsveçrə xarici işlər nazirinin Tehran səfərinin İran-ABŞ münasibətləri məsələsi ilə hansısa əlaqəsinin olmadığını bildirib: "Bu səfər ikitərəfli münasibətlər çərçivəsində daha öncədən planlaşdırılıb. Lakin, koronavirus pandemiyası şəraitinə görə təxirlə həyata keçirilir."

Səhər Azəri bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında jurnalistlərin İqnasio Kasisin Tehrana səfəri ilə bağlı suallarını cavablandırarkən deyib. 

"İsveçrənin xarici işlər naziri öncədən planlaşdırılmış qaydada şənbə günü səhər İrana gələcək və ilk öncə İsfahan şəhərinə qısa səfəri olacaq" deyə Xətibzadə bildirib.

İqnasio Kasisin İsfahana olan səfərinin ardınca bazar günü Tehranda İran-İsveçrə əlaqələrinin 100 illiyi münasibətilə xüsusi mərasimin təşkil ediləcəyindən xəbər verən Xətibzadə İsveçrə xarici işlər nazirinin İran prezidenti, xarici işlər naziri və bir sıra digər dövlət rəsmiləri ilə görüşəcəyini də deyib. 

İsveçrə xarici işlər nazirinin İrana səfəri bazar ertəsi günü də davam edəcək. 

Xətibzadə İsveçrə Xarici İşlər Nazirinin Tehrana olan səfəri zamanı müzakirə olunacaq əsas məsələlərin ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər habelə, maliyyə kanalına dair mövzular olduğunu bildirib. 

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi daha sonra deyib: Bildiyiniz kimi bundan öncə İsveçrənin maliyyə kanalı vasitəsilə 2 dəfə köçürmə əməliyyatı həyata keçirilib. Bu əməliyyatların hər ikisi İranın İsveçrə banklarındakı hesablarından həyata keçirilib. Bu köçürmələr dərman preparatlarının alınması üçün olub.

Teqlər