Xəbərdarlıq: İran torpağına istənilən təcavüz dözülməzdir
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Qarabağ münaqişəsi tərəflərinə xəbərdarlıq edərək, vurğulayıb ki, bölgədə döyüşən tərəflərin hər birinin İran torpağına istənilən təcavüzü dözülməzdir.
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün Azərbaycan Respublikası ilə Ermənistan arasında baş verən son toqquşmalar zamanı İran ərazisinə edilmiş bəzi təcavüzlər barədə jurnalistlərin suallarını cavablandırarkən, deyib: "Sərhəd bölgələrində baş verənlər İran İslam Respublikası tərəfindən ciddi şəkildə və tam həssaslıqla izlənilir".
Xətibzadə sözlərinin davamında bölgədəki münaqişə tərəflərinin İran torpağına istənilən təcavüzünün dözülməz olduğunu bildirərək, bütün tərəflərə bu mövzuda lazımi qayğını göstərmək barədə ciddi xəbərdarlıq edib.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bir daha Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsi, mülki əhaliyə təcavüz etməmə prinsipinə riayət edilməsi, toqquşmaların dərhal dayandırılması və ciddi danışıqların başlanması vacibliyini vurğulayıb və buna nail olmaq üçün İran İslam Respublikasının kömək etməyə hazır olduğunu bildirib.
Son günlər Azərbaycan Respublikası və Ermənistan arasında baş verən hərbi toqquşmalar nəticəsində münaqişə tərəflərinin bir neçə raket və mərmisi İranın bu iki ölkə ilə həmsərhəd kəndləri və bölgələrinə düşüş və bir beş yaşlı iranlı uşağın yaralanmasına səbəb olub.