Ölkənin müdafiə ehtiyaclarının 90%-i daxildə istehsal edilir
İranın müdafiə naziri bildirib ki, amerikanların uzun illər boyu tətbiq etdikləri təzyiq və sanksiyalar İranın müdafiə sahəsində inkişafına səbəb olubdur.
SəhərAzəri xəbər verir, O, deyib ki, İran İslam Respublikası bu gün öz müdafiə ehtiyaclarının doxsan faizini ölkə daxilində istehsal və təmin etmək qabiliyyətinə malikdir.
Briqada generalı Əmir Hatəmi dünən axşamçağı «Bu gecənin sərlövhəsi» adlı televiziya proqramında İran İslam Respublikasına qarşı silah embarqosunun avtomatik şəkildə başa çatmasına işarə edib. Bildirib ki, İranın belə bir bacarığa nail olması amerikalılar üçün çox çətindir və onlar indiyədək yalandan dünyaya deyiblər ki, bir ölkə Amerikanın himayəsi olmadan bir iş görə bilməz.
General Hatəmi silah məhdudiyyətlərinin ləğv edilməsinin önəminə toxunaraq, belə qeyd edib: Düşmənlər, xüsusilə amerikalılar ötən bir il ərzində silah embarqosunun ləğv edilməməsinə və ya yeni məhdudiyyətlərin tətbiq edilməsinə çalışdılar. Belə ki, onlar bunun üçün özlərinin bütün heysiyyətlərini xərclədilər. Amma onların heysiyyətləri məhv oldu və Amerikanın başına gələn hadisələr Təhlükəsizlik Şurasında heç bir ölkənin başına gəlməyibdir.
Bazar günü İrana qarşı silah embarqosu nüvə anlaşmasının əldə olunmasının beşinci ildönümündə avtomatik şəkildə başa çatdı; bundan sonra silah və sursat idxalatı və ixracatı məhdudiyyəti ləğv edildi və 2231 saylı qətnamədə qeyd olunan 23 hüquqi şəxsin səfər məhdudiyyəti də başa çatdı.