Ərdəbil vilayəti Qarabağın bərpasında sözsüz üstünlüyə malikdir
Ərdəbil valisi bildirib ki, bu vilayət 384 kilometrlik müştərək sərhəd və fəaliyyət göstərən bir gömrük obyekti ilə Qarabağın bərpasında iştirak üçün İranın ən əlverişli vilayəti sayılır və bu sahədə sözsüz üstünlüyə malikdir.
SəhərAzəri xəbər verir, Əkbər Behnamcu bu gün İranın Azərbaycan Respublikasındakı səfiri Seyyed Əbbas Mousəvi ilə videkonfrans formatında keçirdiyi görüşdə Ərdəbil vilayətindən olan bərpa qruplarının dərhal Qarabağ bölgəsinə göndərilməsini istəyib. Bildirib ki, bu vilayətin məhsulları Qarabağın bərpası üzrə tikinti materiallarının təmini sahəsində yüksək rəqabət qüdrətinə malikdir.
Qarabağın yenidən qurulmasında azimkanlı iranlı şirkətlərin iştirakının qarşısının alınması və həmin bölgədə İranın bacarıqlı podratçı qrupları və şirkətlərinin iştirakına zəminin yaradılmasına təkid edən Behnamcu söyləyib: Ərdəbil vilayəti Qarabağın azad edilmiş rayonlarının bərpa işlərində ciddi şəkildə iştirak etməyə hazırdır və bu iş üçün vilayətdə texniki-ixtisas qrupları yaradılıbdır.
Ərdəbil valisi bu vilayətin iri podratçılıq layihələrinin icrası, suvarma və drenaj üzrə əsas və köməkçi şəbəkələrin yaradılması, yolsalma layihələrinin icrası, eləcə də tikinti sənayesi sahələrindəki texniki və ixtisas bacarığını çox yüksək adlandırıb.