Tehran İran və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasına ev sahibliyi edir
İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası bu gün Tehranda işinə başlayıb.
SəhərAzəri İRNA-ya istinadən xəbər verir, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bazar günü bununla bağlı öz “Twitter” səhifəsində yazıb: "Sabah Bakıdan böyük iqtisadi nümayəndə heyətinin Tehrana səfər etməsi ilə nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəni, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə İranla Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclası keçiriləcək".
Musəvi Tehranda keçiriləcək ikigünlük iclası həmçinin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından vacib adlandırıb.
İclas ərəfəsində ölkəmizin səfiri Azərbaycan Respublikasının bir sıra iqtisadi rəsmiləri ilə, o cümlədən Sahibkarlar Konfederasiyasının prezidenti və “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri ilə görüşüb və iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirib.
Qeyd edək ki, İran və Azərbaycan Respublikası arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.