İran kvant fəaliyyəti sahəsinə daxil olub
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri İranın kvant fəaliyyəti sahəsinə daxil olduğunu elan edib.
SəhərAzəri xəbər verir, Əli Əkbər Salehi Tehrandakı Milad qülləsi ilə İranın Atom Enerjisi Təşkilatı arasında informasiyaların kvant metodu ilə ötürülməsi üzrə üçüncü sınağın təqdimatı mərasimində İranın kvant fəaliyyəti sahəsinə daxil olduğunu bildirərək, deyib: Bu texnologiyadan müxtəlif sahələrdə, o sıradan rabitə, müdafiə, bank əlaqələri, səhiyyə, kompüter, çəkiliş, süni intellekt, sensorlar, atom saatı, radar və biologiya sahələrində istifadə etmək olar.
Salehi sonra söyləyib: Ümumiyyətlə informasiyaların şifrəli formada ötürülməsinə ehtiyac duyulacaq hər hansı məkanda kvant texnologiyasından istifadə olunacaq.
Salehi bildirib ki, kvant fəaliyyəti məsələsi İranda 2016-cı ildən başlanıb. O, sonra deyib: 2018-ci ildə iki il sərt əmək və gecəli-gündüzlü səydən sonra İranın lazer elm və fənnləri üzrə milli mərkəzində ilk qarışıq fotonlar istehsal edildi.
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri daha sonra bu texnologiyadan istifadə edən ölkələr barədə məlumat verib. O, deyib: Qərbi Asiyada indiyədək heç bir ölkə bu cür eksperiment aparmayıb. Dünyada Avstriya, Amerika, Çin, Rusiya, Hindistan, İngiltərə və Kanada kimi az sayda ölkə bu sahədə fəaliyyət göstərməyə müvəffəq olub və kvant texnologiyaları sahəsində iri sərmayələr yatırılıbdır.