Fev 03, 2021 09:06 Asia/Baku
  • İran ilə Türkiyənin Cənubi Qafqazda əməkdaşlığı nə vəd edir? - Təhlil

İran Xarici İşlər Nazirliyi başçısının bu günlərdə 5 ölkəyə səfəri çərçivəsində Türkiyədə apardığı fikir mübadiləsi xüsusi diqqət çəkib.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərifin digər ölkələrdən fərqli olaraq Ankaraya səfəri və orada verdiyi mesajlar böyük maraqla qarşılanıb. Türkiyədə rəsmi səfəri çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə Zərif bəyan edib ki, yaxın zamanda İranda Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə toplantı keçirəcək. O, həmçinin qeyd edib ki, İranla Türkiyənin Qafqaz məsələsindəki əməkdaşlığı bölgədə yaşayan xalqların və ölkələrin xeyrinə olacaq.   Zərifin Türkiyədəki çıxışı əslində mövcud atəşkəs rejiminin davamlı olmasına və iqtisadi əlaqələrin canlanmasına yol açacaq, ölkələr arasında quru və dəmir yolları, enerji kimi fərqli sahələrdə əməkdaşlıq isə regionda yeni iqtisadi platformanın təməlini daha da bərkidəcək. Bu səbəbdən də üç ölkənin yüksək çinli rəsmilərinin Tehran görüşünü Dağlıq Qarabağdakı sülhün uzun müddətli olması, ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi və Qərbə qarşı birgə koalisiyanın daha da möhkəmlənməsi kimi qiymətləndirmək olar.  

Digər tərəfdən İranla Türkiyəni bir-birinə bağlayan həm də İslam dünyasının bir parçası olmalarıdır. Bu ölkələrin əməkdaşlığı və əlaqələrinin genişlənməsini istəməyən ABŞ, sionist İsrail rejimi və Qərb ölkələridir. İki müsəlman ölkənin əməkdaşlığı, Yaxın Şərq və dünyada sülhün təmin olunmasında birbaşa iştirak etməsi dünyanın nizamını təyin etməyə çalışan qüvvələrin heç də xoşuna gəlmir. Bu səbəbdən zaman-zaman İran İslam Respublikası və Türkiyə arasında müəyyən gərginliklər və soyuqluqlar yaransa da, sonradan bu, tez bir zamanda yoluna qoyulub. İki ölkənin bir-birinə ən çətin durumlarında dəstək göstərməsi də siyasətçilər tərəfindən daim gündəmə gətirilir. Bu səbəbdən Tehran və Ankaranın Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz regionunda da əməkdaşlığı və sülhün təmin olunmasında birgə, koordinasiyalı şəkildə iştirakı region üçün uzun müddətli iqtisadi, siyasi və sosial layihələrin baş tutumasını labüd edir. 

Teqlər