İran: “İsrail rejimi bizə hücum edərsə, Təl-Əvivi və Hayfanı məhv edəcəyik”
İranın müdafiə naziri Əmir Hatəmi İsrail rejiminin hərbi naziri Benni Qantzın İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiklərini açıqlamasından sonra, mümkün hücum olacağı təqdirdə Təl-Əviv və Hayfanı yerlə bir edəcəklərini söyləyib.
SəhərAzəri xəbər verir, Tehrandakı bir tədbirdə danışan İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəmi, Qantzın hücum planları ilə bağlı açıqlamalarına cavab verib.
İranın təhlükəsizliyini və sabitliyini qorumaq üçün lazımlı hərbi gücə sahib olduğunu söyləyən Hatəmi, belə deyib: “Bölgədə heç kim sionist rejimi istəmir və bu səbəbdən də ətraflarına divar çəkmək məcburiyyətində qalıblar. Üstəlik, bəzən əlacsızlıq üzündən İranı təhdid edirlər. Bir səhv etdikləri təqdirdə, Təl-Əviv və Hayfanı yerlə bir edərik”.
Xatırladaq ki, İsrail rejiminin baş qərargah rəisi Aviv Koxavi yanvarın 27-si çıxış edərək orduya İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamağı tapşırdığını bildirmişdi.
Hərbi nazir Benni Qantz da, martın 5-i sionist ordusunun İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiyini açıqlamışdı.