İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı davam edir
İran İslam Respublikasında 13-cü prezident seçkilərinə namizədlərin qeydiyyatının beşinci günü əsas və tanınmış simaların iştirakı ilə davam edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Məhkəmə Hakimiyyətinin sədri, İran İslam Şurası Məclisinin keçmiş spikeri, İranın Teleradio Təşkilatının sabiq sədri, bir neçə keçmiş nazir, İslam Şurası Məclisinin üzvləri və bəzi digər tanınmış simalar bu milli rəqabətdə iştirak etmək üçün qeydiyyatdan keçiblər.
Ölkənin Seçki Qərargahından bildirilib ki, namizədliyini irəli sürənlərin səlahiyyətlərini isbat edən sənədlər qeydiyyat zamanı alınaraq, Konstitusiyanı Mühafizə Şurasının ixtiyarına veriləcək.
13-cü prezident seçkilərinə namizədlərin qeydiyyatı üçün qanuni möhlət bitdikdən sonra, Konstitusiyanı Mühafizə Şurası 5 gün ərzində onların sənədlərini araşdıraraq, namizədliyi təsdiqlənmiş şəxslərin adlarını açıqlayacaq.
İran İslam Respublikasında 13-cü prezident seçkiləri 18 iyun 2021-ci il tarixində keçiriləcək.