Şərqi Azərbaycanın valisi açıqladı
Xudafərində gömrük-keçid məntəqəsi açılacaq
Xudafərin sərhəd-keçid məntəqəsi yaxın gələcəkdə istifadəyə veriləcək. Bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısı Məhəmmədrza Purməhəmmədi deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Təbrizdə jurnalistlərin suallarını cavablandıran vali bildirib ki, yeni gömrük-keçid məntəqəsi Azərbaycanın işğaldan azad olunan ərazisində - Xudafərin körpüsünün yanında açılacaq.
Onun sözlərinə görə, bunun üçün lazım olan tədbirlər artıq həyata keçirilib və hər iki dövlətin rəsmi şəxsləri yeni gömrük-keçid məntəqəsinin yaradılmasını diqqət mərkəzində saxlayırlar.
Şərqi Azərbaycanın valisi qeyd edib ki, yeni məntəqə xalqların və dövlətlərin maraqlarını əks etdirir. Hər iki dövlətin regionları arasındakı əlaqələrin inkişafı sərhədyanı bölgədə yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək.
İranın dövlət rəsmisi sonra deyib: "Şərqi Azərbaycan əyalətində mövcud olan sərhəd-keçid məntəqələrinin potensialından qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirmək üçün istifadə olunmalıdır. Culfa və Nurduz sərhəd-keçid məntəqələri İranın Avrasiya ölkələri ilə qapısı hesab olunur. Bu iki keçid məntəqəsi qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafında böyük rol oynayır. Xudafərin keçid məntəqəsi Culfa və Nurduz keçid məntəqələri ilə yanaşı, Şərqi Azərbaycan əyalətinin qonşu ölkələrlə iqtisadi münasibətlərinin artmasına dəstək ola bilər. Hazırda əyalət rəsmilərinin prioritet məsələsi budur".