Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi Şeyxülislamın müdafiəsinə qalxdı
"Siz bir dəstə millətçilər çox bilirsiniz, ya ölkənin prezidenti?!"
Aliməqamlı Rəhbərin Ərdəbil vilayətindəki nümayəndəsi, Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amili QMİ sədrinin son çıxışına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, cənab Amili deyib: "Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin hörmətli şeyxi Allahşükür Paşazadə İslam İnqilabı Ali Rəhbərinin fətvasının Dağlıq Qarabağın azadlığına təsiri ilə bağlı çox gözəl çıxış edib. O, “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyib. Hörmətli Şeyxə qəlbən təşəkkür edirəm. Öz adımdan və Ərdəbil camaatının adından Şeyxə təşəkkürümüzü çatdırıram. Şeyx bu fətvadan sonra Azərbaycanda və Türkiyədə bəzi insanlar tərəfindən ciddi hücumlara məruz qaldı. Cənab Şeyxə etiraz edənlər mərcəiyyətdən, müctəhidin fətvasından, fəqihin vilayətindən, şiənin kimliyindən xəbərsizdirlər. Onlar unudurlar ki, heç bir ünsürün müctəhidin fətvası qədər gücü, qüdrəti yoxdur. Şeyxin buyurduqlarını çox hesablanmış bir məsələ hesab edirik və onlarla tank, təyyarə və PUA-nın Rəhbərin fətvasını qətiliklə əvəz etməyəcəyini söyləyirik."
Ərdəbilin imam-cüməsi qeyd edib: "Bu günlərdə İrana qarşı yalanlar və böhtanlar Azərbaycan mətbuatında və sosial şəbəkələrdə zirvəyə çatıb. İranı Ermənistana yardım etməkdə günahlandırırlar. Halbuki Azərbaycan prezidenti açıq şəkildə İrandan Ermənistana heç bir silahın getmədiyini açıqladı. Siz bir dəstə millətçilər çox bilirsiniz, ya ölkənin prezidenti?!"
Çıxışının sonunda Azərbaycan xalqı və ölkə müxalifətinə üzünü tutan Ayətullah Seyyid Həsən Amili deyib:“Biz böyük və əziz Azərbaycan xalqından istəyirik ki, ölkə prezidentinin və Şeyxin dedikləri qarşısında iki ölkənin arasını vurmağa çalışan və bu iki ölkənin pisliyini istəyən şəxslərin sözlərinə qulaq asmasınlar. Müxalifətə də deyirik ki, İranın birinci Qarabağ müharibəsindəki tarixi və ikinci Qarabağ müharibəsindəki hərtərəfli iştirakı günəş kimi iftiralarınızı ifşa edəcək. Siz boş yerə mənasız şəkildə bu təxribatlar üçün çalışırsınız və yalnız özünüzü zəhmətə salırsınız”.