Avq 03, 2021 12:56 Asia/Baku
  • İranda yeni prezidentin mandatı təsdiqləndi

İslam İnqilabının aliməqamlı rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin, sabiq prezident və bir sıra ölkə rəsmilərinin iştirakı ilə 13-cü prezident seşkilərinin qalibi Seyid İbrahim Rəisinin prezidentlik mandatının təsdiqlənməsi mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, mərasim bu gün avqustun 3-də İmam Xomeyni adına Hüseyniyyədə keçirilib və əvvəlcə ölkənin daxili işlər naziri 13-cü dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verib. Sonra ölkənin Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei tərəfindən imzalanmış prezidentlik hökmü cənab Rəisiyə təqdim olunub.  

Həzrət Ayətullahül-üzma Xamenei, hökmündə xalqın seçkilərdə mənalı və izzətli iştirakını, eləcədə xalqa can yandıran, dindar və idarəetmədə parlaq bir keçmişi olan şəxsin seçilməsini millətin inqilab yolunu yəni ədalət, tərəqqi və azadlıq yolunu davam etdirmək əzminin əlaməti olaraq dəyərləndirib.  

O həzrət bütün sahələrdə bir sıçrayış etməyin zəruriliyini vurğulayaraq ölkədə istehsal sahəsindəki maneələri aradan qaldırmağa, milli valyutanı möhkəmləndirməyə, cəmiyyətin orta və aşağı təbəqələrini gücləndirməyə və sürətlə irəliləməyə səy göstərilməsinə təkid edib. 

Mərasimdə çıxış edən yeni seçilmiş prezident isə rəhbərliyə və xalqa dərin minnətdarlığını bildirərək öz hökumətinin prioritetlərini açıqlayıb.

İbrahim Rəisi deyib: “18 iyun seçkilərinin mesajı mövcud vəziyyəti dəyişdirməkdən ibarətdir. Xalq bu seçkilərdən və hökumətdən istəyir ki, mövcud iqtisadi vəziyyətə və infilyasiyaya son qoyulsun. İran xalqı bu seçkilərə qatılmaqla iqtisadi, ictimai və mədəni problemlərin həllini tələb edir. Xalq hökumətdən istəyir ki, ədaləti bərpa etsin, korrupsiya ilə mübarizə aparsın, inzibati işlərdə qeyri-sağlam əlaqələrə və rüşvətxorluq kimi İslam İnqilabının dəyərlərilə ziddiyyət təşkil edən nə varsa onlara son qoysun. Sanksiyaların ləğv edilməsi əsas işlərimizdən biridir. Lakin xalqın süfrəsini əcnəbilərdən asılı hala gətirməyəcəyik. Bizim təcili və qısamüddətli bir planımız var. Mən xalqı əmin edirəm ki, məsələlər çox yaxşı araşdırılıb və planlar nəzərdə tutulub. Bu planlar dərhal həyata keçiriləcək.”

Mərasimin sonunda aliməqamlı rəhbər yeni seçilmiş prezidenti təbrik edib və hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib. Onun sözlərinə görə, mövcud durumda hökumətin formalaşdırılmasında təxirə yol vermək olmaz.

Çıxışının bir qismində yeni prezident İbrahim Rəisini təbrik edən Ayətullahül-üzma Xamenei həzrətləri ölkədə hakimiyyətin dövr edilməsinin dinc, sivil və demokratik yolla həyata keçirildiyini bildirib və buna görə Allaha şükür etdiyini dilə gətirib.

Eyni zamanda seçkilərə qatıldıqlarına görə İran xalqına təşəkkür edən Ayətullahül-üzma Xamenei inflyasiya, korrupsiya və sair oxşar mənfi halların aradan qaldırılmasını tələb edibdir.

İslam İnqilabının aliməqamlı rəhbəri sonda İrana qarşı ədavətin hər şeydən öncə media və psixoloji müharibə müstəvisində olduğunu söyləyibdir.

 

 

Teqlər