Avq 05, 2021 18:12 Asia/Baku

İran Parlamenti - İslam Şurası Məclisində 13-cü hökumətin başçısının andiçmə mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Quran-Kərim qarşısında and içərək bu gündən konstitusiyada nəzərdə tutulmuş səlahiyyətlərinin icrasına başlayıb. 

O andiçmə zamanı deyib: “And içirəm ki, ölkənin rəsmi məzhəbinin, İslam Cümhuriyyətinin və onun konstitusiyasının qoruyucusu olacağam. Ölkə sərhədlərinin, onun siyasi, iqtisadi və mədəni istiqlaliyyətinin qorunması üçün heç nəyi əsirgəməyəcəyəm."

İran İslam Respublikasının prezidenti sonra millət vəkilləri və xarici qonaqların qarşısında çıxış edərək öz prioritetlərini şərh edib. "Biz dünyada məzlumların yanında olacaq, Fələstində, Suriyada, Yəməndə, eləcə də Avropa, Afrika və Amerikada məzlumların səsi olacağıq."

Rəisi xarici siyasətinin prioritetlərinin bir qismini belə açıqlayıb: "Dünya ölkələri ilə qarşılıqlı hörmət-ehtiram əsasında əməkdaşlıq edəcək, insan hüquqlarını müdafiə edəcəyəm. İran xalqı yeni hökumətdən insan hüquqlarının qorunmasını və dünyanın hər yerində zülmdən uzaq durmağı tələb edir. Biz korrupsiya və rüşfətxorluqla mübarizə aparan hökumət təşkil edəcəyik. Biz dünyada eləcə də Fələstində, Suriyada, Yəməndə məzlumların yanında olacaq, Avropa, Afrika və Amerikada məzlumların səsi olacağıq. İran xalqına qarşı sanksiyalar ləğv edilməlidir. Bu istiqamətdə hər bir diplomatik təklifi alqışlayırıq."

Cənab Rəisi söhbətinin sonunda İranın regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə dostluq və qardaşlıq əlini uzatdığını vurğulayıb. 

İ.Rəisinin sözlərinə görə, İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri yüksəltməkdir.

İran prezidenti deyib ki, İran qonşu ölkələri və xalqları öz yaxınları hesab edir: "Dünya dəyişməkdədir. Xalqların mənafeyini təmin etmək yeni dünyanı dərk etmək və strateji əməkdaşlığı tələb edir. Uğurlu xarici siyasət balanslı xarici siyasət olacaq".

Teqlər