Qaçırılmış təyyarənin İrana gəlməsi təkzib edilib
İranın mülki aviasiya təşkilatının sözçüsü Ukrayna təyyarəsinin qaçırılması məsələsini təkzib edib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Həsən Zibəxş bildirib ki, bu təyyarə dünən axşam Kabil hava limanından Məşhədə uçub və yanacaq doldurduqdan sonra Məşhəddən Kiyevə istiqamətlənib və təqribən saat 21:50 dəqiqədə Ukrayna paytaxtının hava limanında yerə enibdir.
Zibəxş sonra söyləyib: Bəzi medialarda yayılan təyyarənin qaçırılması məsələsi rədd olunur, amma bu barədə qəti informasiyanın verilməsi üçün İranın mülki aviasiya təşkilatının mühafizə rəsmiləri və yuxarı orqanlarla ahəngdarlıq yaratmalıyıq.
Zibəxş bildirib ki, tezliklə bu sahədə geniş məlumat yayılacaq.
O, sonra deyib: Ötən bir neçə gün ərzində digər bir Ukrayna təyyarəsi yanacaq doldurmaq üçün Urmiyyə hava limanında yerə enmiş və yanacaq doldurduqdan sonra Türkiyəyə uçmuş, lakin Türkiyə hava limanlarında eniş icazəsinin verilməməsinə görə, Daşkənd hava limanına müraciət etmişdi.
Rus medialar Ukrayna xarici işlər nazirinin müavininə istinadla iddia etmişdilər ki, Ukrayna hərbi qüvvələrini Əfqanıstandan çıxaran təyyarə qaçırılaraq, İrana yollanıb.