İran və Tacikistanın XİN rəhbərləri görüşüb
İranın xarici işlər naziri ilə Tacikistanın xarici işlər naziri arasında Düşənbə şəhərində görüş keçirilib.
SəhərAzəri-nin verdiyi məlumata görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Tacikistanın xarici işlər naziri Siracəddin Mehrəddin ilə görüşdə, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün qəbul edilməsində göstərdikləri köməyə görə Tacikistan hökumətinə və prezidentinə təşəkkür edib və iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləyib.
Əmir Abdullahiyan, İranla Tacikistan arasındakı dini, tarixi, mədəni və dil ortaqlıqlarını nəzərə alaraq, iki ölkə arasında regional və beynəlxalq arenada əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İranın xarici işlər naziri Əfqanıstandakı son vəziyyətə toxunaraq, bildirib ki, bu ölkədə tacik, puştun, hazaralar da daxil bütün etniklərin nümayəndələrinin iştirakı ilə tam əhatəli bir hökumətin qurulması, sülh və sabitliyin təmin edilməsi və inkişafın yeganə yoludur.
Tacikistanın xarici işlər naziri də İranı Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi münasibətilə təbrik edib və bunu İran və Tacikistan arasında əməkdaşlığı genişləndirmək üçün yeni bir fürsət adlandırıb.
O, Əfqanıstanda baş verən hadisələrə toxunaraq, hazırkı vəziyyətdə bu ölkənin xalqına humanitar yardımın göstərilməsi zərurətinə diqqət çəkərək, bütün etnik qrupların iştirakı ilə əhatəli bir hökumətin qurulması ideyasını dəstəklədiyini vurğulayıb.