H. Əmir Abdullahiyan C. Bayramovla məşvərət edib
İran İslam Respublikasının xarici işlər naziri Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşüb və onunla ikitərəfli əlaqələrin genişləndirilməsi barədə məşvərət edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Baş Assambleyasının sessiyasının kənarındakı görüşlərinin davamında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan Respublikasının xarici işlər naziri görüşün əvvəlində Tehranda üçtərəfli İran-Türkiyə-Azərbaycan Respublikası iclasının keçirilməsini alqışlayıb.
Bayramov iki ölkə əlaqələrinin son dərəcə müsbət fəallığa malik və düzgün istiqamətdə olduğunu bildirib və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək verdiyinə görə, İrana təşəkkür edib.
Azərbaycan Respublikasının xarici işlər naziri bu ölkənin mədəni, ticari, iqtisadi və siyasi sahələr daxil olmaqla bütün sahələrdə İran İslam Respublikası ilə həmkarlığa hazır olduğunu bildirib.
«Azərbaycan Respublikası Xəzər hövzəsindəki birgə layihələri izləməyə hazırdır və müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmə və anlaşmalar zəruri bir məsələdir.»-deyə, Ceyhun Bayramov qeyd edib.
İranın xarici işlər naziri də iki ölkə əlaqələrinin xüsusi önəmə malik olduğunu bildirib və keçmiş razılaşmaların icra olunacağına ümidvarlıqla qeyd edibdir ki, İran qonşuları ilə münasibətləri ön plana çəkibdir.
İki ölkənin beynəlxalq və regional təşkilatlarda bir-birilərini himayə etdiyini bəyan edən Əmir Abdullahiyan vurğulayıb ki, bu əhval-ruhiyyənin qorunub saxlanılması zəruridir.
O, həmçinin iki ölkənin ortaqlıqlarını dərin və çeşidli adlandırıb. Bildirib ki, İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək verib.
İranın xarici işlər naziri qeyd edib ki, özəl və dövlət sektorlarında əməkdaşlıq və Astara dəmiryolu terminalı da daxil olmaqla tranzit, ticarət, su bəndi inşası, qaz və elektrik enerjisinə şamil olan müxtəlif sahələrdə əhəmiyyətli həmkarlıq və layihələr izləniləcəkdir.
Əmir Abdullahiyan Azərbaycan Respublikasının azad edilmiş rayonlarının bərpasını iki ölkənin geniş əməkdaşlıq sahəsi adlandırıb.
İranın xarici işlər naziri vurğulayıb ki, bəzi üçüncü tərəflərin iki ölkənin yaxşı münasibətlərini təsir altına almalarına icazə verilməməlidir.