Xətibzadə: "Tehran-Bakı münasibətləri normaldır və onları pozmaq anormal haldır"
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün jurnalistlərlə keçirdiyi mətbuat konfransında İranla Azərbaycan arasındakı son münaqişələr və iki ölkə arasındakı əlaqələrin perspektivi ilə balı sualları cavablandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Xətibzadə Azərbaycan Respublikası ilə İran arasındakı gərginliklə bağlı deyib: "Tehran-Bakı münasibətləri normal səviyyədədir və onları pozmaq anormal haldır".
O, iki ölkə arasındakı dərin bağlara toxunaraq, əlavə edib: "İran narahatlıqlarını dilə gətirib və bu narahatlıqlar iki ölkə arasındakı mehriban qonşuluq və yaxşı əlaqələr kontekstindədir. Əlbəttə Azərbaycandakı dostlarımız həmişə bu narahatlıqları aradan qaldıracaqlarını söyləmişlər. Bizim əsas prinsipimiz qardaşcasına davranışdır. Azərbaycan Respublikası ilə Ermənistan arasındakı müharibə zamanı da səyimiz dialoq idi. Yaxşı qonşuluq gözləyirik. Hava məkanı və quru sərhədlər açıqdır. Rəsmilərin ədəbiyyatı gərginliyi artırmamalıdır".
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "İran heç vaxt hava sahəsini Azərbaycan Respublikası üçün bağlamayıb. Quru sərhədi də açıqdır və mübadilələr həyata keçirilir. İki tərəf üçüncü şəxslərin münasibətlərə təsir etməsinə icazə verməməlidir".
Xətibzadə İran İslam Respublikası Ordusunun Azərbaycan Respublikası ilə sərhəddə keçirdiyi son təlimlə əlaqədar deyib: "Ölkənin şimal -qərbində keçirilən hərbi təlimlər barədə Azərbaycan Respublikası da daxil olmaqla bütün əlaqədar ölkələrə məlumat verilmişdi, bu qonşuluğun aydın prinsiplərindəndir".
O, İran-Ermənistan danışıqları və Azərbaycan üzərindən keçən tranzit marşrutunun dəyişdirilməsi ilə bağlı suala cavab olaraq, deyib: "Biz heç vaxt heç bir ölkə ilə marşurutun dəyişdirilməsini müzakirə etməmişik, ancaq mallarımızın əziyyətsiz göndərilməsi bizim diqqət mərkəzimizdədir".
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "İranın heç bir müqaviləsi bir ölkəni əvəz etmək, bağlamaq və ya ona qarşı çıxmağa yönəlməyib. İran mehriban qonşuluq prinsipinə əsasən, heç bir qonşusunu digər qonşu ilə əvəz etmək niyyətində deyil".
Xətibzadə, Əmir Abdullahyanın Bakıya səfər edib-etməyəcəyi ilə bağlı sualın cavabında deyib: "Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər nazirinin iqamətgahına getdik. Lazım olan səfərlər həyata keçiriləcək. Önəmli olan iki ölkə arasında bütün səviyyələrdə əlaqələrin olmasıdır".
Yüksək vəzifəli diplomat İranla Azərbaycanın münasibətlərinin perspektivi ilə bağlı sualın cavabında deyib: "Azərbaycan Respublikası ilə strateji əlaqənin bütün komponentləri mövcuddur və paytaxtların siyasi iradəsi də buna yönəlib. Ümid edirik ki, bu əlaqələr daha da inkişaf edəcək. Bu istiqamətdə səmimi, açıq və net danışıqlar bizə kömək edəcək".
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi "3+3" təşəbbüsünün həyata keçirilməsinin son vəziyyəti ilə bağlı deyib: "Ermənistanla Azərbaycan Respublikası arasındakı müharibə zamanı bu təşəbbüs irəli sürüldü və İran da bunu müsbət qarşıladı. O vaxt bir ölkə bu təşəbbüsü həyata keçirməyə hazır deyildi, hətta bu təşəbbüsün "3 + 2" formatında həyata keçirilə biləcəyini söylədik. İran bu platformanı və digər formatları həyata keçirməyə hazırdır. Qafqaz məsələləri diplomatik mexanizm çərçivəsində irəli aparılmalıdır".
İranın diplomatiya aparatının sözçüsü Rusiyanın xarici işlər nazirinin Xəzər konvensiyasının İran tərəfindən ratifikasiya edilməməsindən gileylənməsi ilə bağlı sualın cavabında deyib: "Bu konvensiya müzakirə edildi və razılaşdırıldı. O, imzalandığı gündən etibarən qüvvəyə minib, lakin ratifikasiya prosesi ölkədən ölkəyə fərqlidir. İranda bu konvensiya parlament tərəfindən təsdiqlənməlidir və parlamentdə bu konvensiyanın ratifikasiya edilməsinin demokratik mərhələləri keçirilməlidir".