İrandan regionda vətəndaş müharibəsi xəbərdarlığı
Qalibaf: "Qərbi Asiya regionu bu günlərdə kritik vəziyyətdədir"
İran parlamentinin sədri regionda vətəndaş müharibələrinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin açıq iclasındakı çıxışında gündəmi dəyərləndirib.
İran İslam Şurası Məclisinin sədri regiondakı məsələlərlə əlaqədar olaraq, deyib: "Qərbi Asiya regionu bu günlərdə kritik vəziyyətdədir. Region ölkələrində vətəndaş müharibələri ilə çaxnaşma yaratmaq üçün planlar hazırlanır. Region ölkələri arasında fikir ayrılığı, iqtisadi əməkdaşlığın qarşısını almaq və bölgədə daimi sülhün təmininə mane olmaq Vaşinqton rəhbərliyi və ABŞ-ın dəstəklədiyi qrupların gündəmindədir. Qəndəhardakı Fatimiyyə məscidində günahsız insanlara qarşı törədilən dəhşətli qətliam hadisəsi, Əfqanıstanda vətəndaş müharibəsi cəhdi, Livandakı silahlı qarşıdurmalar, İraqda münaqişə yaratmaq cəhdi və regiondakı bəzi liderlərin son bir həftə ərzində verdiyi yalan ifadələr bu planları ortaya qoyur".
İranın regionda sabitliyi və təhlükəsizliyi qorumaq istədiyini ifadə edən Qalibaf qeyd edib ki, bütün regionda təhlükəsizliyi pozacaq hər hansı bir fitnə fəaliyyətini qınayırıq. Bütün ölkələr regionda davamlı sülh və sabitlik yaratmaq və iqtisadi əlaqələri artırmaq üçün çalışmalıdırlar.