Əmir Abdullahiyan
"İran və Azərbaycan rəsmilərinin müdrikliyi ilə anlaşılmazlıqlar dövrü arxada qaldı"
İranın xarici işlər naziri, azərbaycanlı həmkarı ilə baş tutan telefon danışığında, İran və Azərbaycan Respublikası rəsmilərinin müdrikliyi ilə anlaşılmazlıqlar dövrünün arxada qaldığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub, tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.
Əmir Abdullahiyan telefon danışığı zamanı İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq və yaxın münasibətləri xatırladaraq, deyib: "Son aylarda bəzi anlaşılmazlıqlarla yanaşı, iki ölkə arasında yaxşı münasibətləri sevməyən tərəflər də aktivləşmişdilər ki, biz bunu iki ölkə rəsmilərinin müdrikliyi ilə arxada qoyduq".
İranın xarici işlər naziri əlavə edib: "İndi iki ölkə ikitərəfli əməkdaşlıqları daha da inkişaf etdirməyə doğru hərəkət edə bilərlər".
Azərbaycan Respublikasının xarici işlər naziri də bildirib ki, iki ölkə arasındakı anlaşılmazlıqdan başqalarının sui-istifadə etməsinə imkan verilməməli, hər hansı anlaşılmazlıq dostluq və qardaşlıq mühitində həll olunmalıdır və Bakı Tehranla əlaqələri genişləndirməyə hazırdır.
İkitərəfli ticarət əlaqələri və İran İslam Respublikası və Azərbaycan Respublikası arasında Birgə İqtisadi Komissiyada iki ölkəni təmsil edəcək şəxslərin təyin edilməsi bu telefon danışığında qeyd olunan digər məsələlərdəndir.