Dek 06, 2021 20:09 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikası prezidenti deyib: "Region ölkələrinin təhlükəsizliyi bir-birinə bağlıdır və İran Fars körfəzi ilə həmsərhəd olan qonşu ölkələrin təhlükəsizliyini dəstəkləyir".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyanı qəbulu zamanı deyib: "Region ölkələri ilə yaxşı münasibətlər yeni hökumətin strateji prioritetlərindən biridir. Ona görə də BƏƏ ilə əlaqələrin inkişafını alqışlayırıq".

İran prezidenti əlavə edib: "İki müsəlman ölkə olan İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərdə heç bir maneə olmamalıdır və bizim ikitərəfli münasibətlərimiz üçüncü tərəflərin təsiri altına düşməməlidir".

Seyid İbrahim Rəisi İslam Respublikasının qəti siyasətinin regionun müsəlman xalqlarını dəstəkləmək olduğunu bildirərək, əlavə edib: "Sionistlər regionda öz məkrli məqsədlərini güdürlər və onlar harada dayaq tapdıqda onu ekspansionizm və fitnə alətinə çevirirlər. Ona görə də region ölkələri diqqətli olmalıdır". 

Rəisi Əbu-Dabi ilə Tehran arasında iqtisadi əlaqələrin inkişafını alqışlayaraq, deyib: "İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı digər sahələrdə də əlaqələrin çiçəklənməsinə zəmin yaradacaq".

BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri də bu görüşdə deyib: "Biz bu bölgənin övladlarıyıq və taleyimiz birdir. Ona görə də iki ölkə arasında münasibətlərin inkişafı gündəmimizdədir və İranla əməkdaşlığı inkişaf etdirməyə hazırıq".

Teqlər