Dek 08, 2021 12:25 Asia/Baku
  • Əmir-Abdullahiyan
    Əmir-Abdullahiyan

İran Vyana müzakirələrində ciddidir. Bunu, İran İslam Respublikasının xarici işlər naziri deyib. Bildirib ki, İran öz məntiqi təkliflərinin diqqətlə araşdırılmasını istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərilə görüşən Hüseyn Əmir-Abdullahiyan fikrini belə açıqlayıb: İranın müzakirə heyətinin Vyanadakı qəti səyi odur ki, İran xalqının sanksiyaların ləğvinə söykənən hədəfi bu prosesdə reallaşsın.

Əmir-Abdullahiyan bu görüşdə həmçinin İran dövlətinin sayıq, fəal və müvazinətli xarici siyasətinə təkid edib, yaxşı qonşuluq siyasəti çərçivəsində qonşularla münasibətlərin inkişaf etdirilməsi istiqamətində İran İslam Respublikasının xarici siyasətinin müxtəlif cəhətlərini şərh edib.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin Tacikistan və Türkmənistana olmuş son iki səfərinə toxunan Əmir-Abdullahiyan bildirib: İran İslam Respublikası prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, eləcə də EKO iqtisadi əməkdaşlıq təşkilatının zirvə toplantısında iştirakı, onlarla kənar görüşləri, yekunlaşdırılımış və imzalanmış müqavilə və memorandumlar qonşularla əlaqələrin genişləndirilməsi istiqamətində yaxşı nailiyyətlərdir.

İran İslam Respublikasının xarici işlər naziri bundan öncə də Vyanadakı iranlı heyətin məntiqli, güclü, mətin və nəticəmehvərli danışıqları izlədiyini vurğulamış və qeyd etmişdi ki, əgər Qərb xoşməramlılıq göstərərsə, yaxşı nailiyyət əldə olunar.

 

Teqlər