İran XİN başçısı dünya xristianlarını təbrik edib
İranın xarici işlər naziri bir müraciətdə Həzrət İsa Məsihin (ə) mövludu və Milad bayramı münasibətilə dünya xristianlarını, xüsusilə də İranda yaşayan xristian həmvətənlərini təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər nazirinin müraciətində deyilir: Sülh və barışıq peyğəmbəri, mərhəmət və insansevərlik bayraqdarı olan Həzrət İsa Məsihin (ə) doğum günü, eləcə də bütün dünyada xristianların sevinc bayramı olan Milad bayramının gəlişi münasibətilə, xüsusilə də vətənpərvər xristian həmvətənlərimi təbrik edirəm.
Hüseyn Əmir Abdullahian bildirib ki, koronavirusun yaratdığı hazırkı çətin günlərdə bəşəriyyət dostluğa və ilahi peyğəmbərlərin parlaq, səmavi risalətlərinin həyata keçirilməsinə hər zamankındən daha çox ehtiyac duyur. İnsanlar İbrahimi dinlər arasında sülh və birgə yaşayış, zülm və ədalətsizliyin aradan qaldırılmasını gözləyirlər.
İranlı diplomat müraciətində bütün dünya xalqına, xüsusilə də Həzrət İsa Məsihin (ə) ardıcıllarına sağlam, xoşbəxt və firavan il arzulayıb.