Xətibzadə Britaniyanın İranın müdafiə gücünə müdaxilə mövqeyini pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Britaniyanın xarici işlər nazirinin İranın müdafiə qabiliyyəti ilə bağlı müdaxiləçi ifadələrinə və mövqeyinə sərt reaksiya verib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə Britaniyanın Xarici İşlər Nazirliyinin İranın müdafiə qabiliyyətinə müdaxiləsini rədd edib və deyib: "İran İslam Respublikası beynəlxalq qanunlar və qaydalar çərçivəsində və ölkənin müdafiə ehtiyaclarına uyğun hərəkət edir; ona görə də nəinki bu cür açıqlamalar və mövqe tutmaq İranın daxili işlərinə qarışmaq kimi dəyərləndirilir, həm də Londonun ikili standart siyasətinin davam etdiyinə işarədir".
O, sözlərinin davamında vurğulayıb: "İran İslam Respublikasının nüvə proqramı, minlərlə saatlıq təftiş və Beynəlxalq Atom Enerjisi Agentliyinin çoxsaylı hesabatlarına əsasən tam dinc xarakter daşıyır və İranın nüvə enerjisindən hərbi məqsədlər üçün istifadəyə dair heç bir planı yoxdur ki,onun üçün bir raket proqramı hazırlamaq istəsin".
Xətibzadə əlavə edib: "Britaniyalılar hamıdan yaxşı bilirlər ki, İranın raket proqramının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və onun müddəaları ilə heç bir əlaqəsi yoxdur".
"BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəalarını öz rəyinə uyğun olaraq, şərh etməklə, praktiki olaraq, onu pozan Britaniyadır", - deyə, o əlavə edib.
Xətibzadə Britaniya rəsmilərinin İranı region üçün təhlükə kimi qələmə vermək cəhdlərini pisləyərək, deyib: "Yəməndəki humanitar fəlakət də daxil olmaqla, regionda qeyri-sabitlik və etibarsızlığı gücləndirən Britaniya və digər Avropa ölkələrinin bəzi region ölkələrinə böyük həcmdə qabaqcıl silahların satışı ilə bağlı doymak bilməyən iştahlarıdır. Bunu bilərəkdən edirlər ki, bu cür silahlardan istifadə beynəlxalq hüquqa, xüsusən də humanitar hüquqa ziddir".
"Buna görə də qeyri-sabitliyi və təhlükəsizliyi artırmaq üçün regionun məzlum xalqları və beynəlxalq ictimaiyyət qarşısında cavabdehlik və məsuliyyət daşıyanlar məhz onlardır", deyə, o qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda vurğulayıb ki, İran İslam Respublikası öz müdafiə qabiliyyəti ilə bağlı nə heç kimdən icazə alır, nə də kimsə ilə danışıqlar aparır.
Qeyd edək ki, Britaniya Xarici İşlər Nazirliyi İranın müdafiə qabiliyyətinə müdaxiləçi mövqe tutaraq, İranın raket gücü və İslam İnqilabı Keşikçiləri Korpusunun təlimlərində ballistik raketlərin buraxılmasına qəzəbini ifadə edən bəyanatlar verib.