İranın Xarici İşlər Nazirliyi amerikalı şəxslərin sanksiyalar siyahısını yeniləyib
İran Xarici İşlər Nazirliyi 2020-ci ildə general Qasim Süleymani və onun yoldaşlarına qarşı terror aktında iştirak etdikləri üçün İran tərəfindən sanksiyalara məruz qalan amerikalı şəxslərin yenilənmiş siyahısı ilə bağlı bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi "Amerika Birləşmiş Ştatlarının regionda insan hüquqlarının pozulması və avantürist və terrorçu hərəkətləri ilə mübarizə haqqında qanun"un icrası çərçivəsində bir bəyanat yayaraq, bildirib ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri, o cümlədən sabiq prezident Donald Tramp, sabiq dövlət katibi Mayk Pompeo və sabiq milli təhlükəsizlik müşaviri Con Boltondan əlavə, bir neçə digər şəxsin adı da ABŞ-ın general Süleymaniyə qarşı törətdiyi cinayətindəki rollarına görə, bu siyahıda yer alır.
Adı çəkilən şəxslər vəziyyətə uyğun olaraq, terror aktının qərarlarının qəbul edilməsində, planlaşdırılmasında, təşkilində, maliyyələşdirilməsində və həyata keçirilməsində iştirak etmiş və ya bu cür dəhşətli terror aktlarına dəstək verməklə beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan terrorizmi təşviq etmişlər.
Bəyanatda daha sonra deyilir: "Birləşmiş Ştatlar öz terrorçu hərəkətləri ilə terrorizmə və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki beynəlxalq öhdəliklərini, xüsusən də terror aktlarının təşkilindən çəkinmək, həmçinin insan haqlarına hörmət etmək və onu qorumaqla bağlı öhdəliyini kobud şəkildə pozaraq, beynəlxalq cinayətlər törədibdir".