Yan 23, 2022 12:16 Asia/Baku
  • Təxti-Rəvançi
    Təxti-Rəvançi

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi İranın bu beynəlxalq orqandakı səsvermə haqqının qayıtmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti-Rəvançi şənbə günü gecə bildirib ki, İranın Birləşmiş Millətlər Təşkilatına təxirə düşmüş borcu ödənilib və Nyu-Yorkda hesaba keçdikdən sonra İran İslam Respublikasının səsvermə haqqı bazar ertəsi günü geri dönəcək.

İranın BMT-dəki daimi nümayəndəsinin dediyinə görə, İran İslam Respublikası bu beynəlxalq orqanın fəal üzvü kimi həmişə öz üzvlük haqqını vaxtında ödəməyə sadiq olub və əməldə də bu məsələni sübuta yetiribdir.

Təxti-Rəvançi əlavə edib: Təəssüflər olsun ki, Amerikanın İrana qarşı birtərəfli və zalımcasına sanksiyalar tətbiq etməsinə görə, İranın üzvlük haqqının ödənişi ikinci il dalbadal problemlə üzləşdi.

İranın BMT-dəki daimi nümayəndəsi söyləyib: Amerikanın zalımcasına sanksiyaları nəinki həyati əhəmiyyətli vəsaitlərin, o sıradan dərman, tibb ləvazimatları və sairənin əldə olunması da daxil olmaqla müxtəlif sahələrə təsir göstərib, həm də Birləşmiş Millətlər Təşkilatının işində fasilə yaradıbdır.

Məlumat üçün bildirək ki, Cənubi Koreya Tehranın dondurulmuş aktivlərindən on səkkiz milyon dollardan çox məbləği İranın BMT-yə təxirə düşmüş üzvlük haqqı borcu kimi ödəyibdir.

Hal-hazırda Cənubi Koreyada İranın yeddi milyard dollardan çox aktivi dondurulub.

 

Teqlər