Əmir Abdullahian: "Danışıqlarda İranın sanksiyaların ləğvi ilə bağlı tələblərinin bir hissəsi nəzərə alınmayıb"
İranın xarici işlər naziri Vyana danışıqlarında sanksiyaların ləğvi ilə bağlı İranın bəzi tələblərinin hələ də nəzərə alınmadığını bildirərək, deyib: "Biz Vyanada yaxşı razılaşma əldə etmək üçün nikbinlik, xoş niyyət və ciddiliklə səylərimizi davam etdirəcəyik".
SəhərAzəri-nin məlumatına əsasən, Finlandiyanın xarici işlər naziri bu gün (6 fevral) Tehrana daxil olduqdan sonra Xarici İşlər Nazirliyində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Nazirlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
İki yüksək səviyyəli diplomatın görüşündən sonra keçirilən mətbuat konfransında Hüseyn Əmir Abdullahian Vyana danışıqları ilə bağlı deyib: "Vyana danışıqlarında əldə edilən son mətnləri nəzərdən keçirdikdə sanksiyaların ləğvi sahəsindəki tələblərimizin bir hissəsinin hələ də yerinə yetirilmədiyini gördük".
Əmir Abdullahian əlavə edib: "Yaxın günlərdə cənab Əli Baqeri və Vyanada danışıqlar aparan yüksək səviyyəli ekspertlər razılaşdırılacaq sənədə diqqət yetirəcəklər və bu sənəddə müxtəlif tərəflər nüvə anlaşması çərçivəsində öhdəliklərə qayıtdıqlarını nümayiş etdirməlidirlər".
"Yaxın günlərdə yaxşı razılığa gələ biləcəyimiz üç Avropa ölkəsi və ABŞ-ın təşəbbüsü, niyyəti və davranışından asılıdır", - deyə İranın diplomatiya aparatının sədri qeyd edib.
Əmir-Abdollahian həmçinin bildirib ki, İran komandası xoş niyyət və ciddiliklə yaxşı razılaşma əldə etmək üçün səylərini davam etdirəcək.
O, çıxışının digər bir hissəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşünə də işarə edərək bildirib ki, tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələrini müzakirə ediblər. İran-Finlandiya münasibətləri sabitdir və düzgün yoldadır.
Finlandiyanın xarici işlər naziri də bu mətbuat konfransında , İranın regiondakı rolunu yüksək dəyərləndirib və nüvə anlaşmasının canlandırılmasına ümid etdiyini bildirərək, deyib: "Finlandiya Beynəlxalq Atom Enerjisi Agentliyinin səylərini dəstəkləyir və biz bilirik ki, İran MAQATE ilə yaxşı əməkdaşlıq edir. Vyana danışıqlarının nəticələri iki ölkə arasında mübadilələri artırmaq üçün fürsət ola bilər".
Yəmənə qarşı müharibənin dayandırılması və Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin qurulması İran və Finlandiya xarici işlər nazirlərinin müzakirə etdiyi digər mövzular olub.