Əmir Abdullahian:
"İran Vyana danışıqlarında heç vaxt qırmızı xətlərini keçməyəcək"
İranın xarici işlər naziri Vyana danışıqlarında İran İslam Respublikasının heç vaxt qırmızı xətlərini keçməyəcəyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vyanada aparılan danışıqlara və bu danışıqların son durumuna toxunaraq, deyib: "Biz danışıqlarda qırmızı xətlərimizdən geri çəkilməyəcəyik".
Ukraynada baş verən proseslərə və İran vətəndaşlarının bu ölkədə mövcudluğuna diqqət çəkən Əmir Abdullahiyan bu böhranın siyasi yollarla həllini arzulayaraq, bildirib ki, Ukraynada yaşayan İran vətəndaşlarının təhlükəsizliyini və sağlamlığını təmin etmək Tehranın ciddi prioritetidir.
Əmir Abdullahiyan söhbətlərinin digər bir hissəsində Yəmən böhranına da toxunub. O, Təhlükəsizlik Şurasında Ənsarullah Hərəkatına qarşı qətnamə layihəsinin dərc olunmasını və bu hərəkatın terrorçu adlandırılmasını yanlış və dağıdıcı adlandırıb.
Rusiyanın xarici işlər naziri Lavrov da İran və Rusiya əməkdaşlığını vurğulayaraq, deyib: "Biz Vyanada İranın mövqeyini həmişə dəstəkləmişik və Vyanada iranlı dostlarımızla yaxşı əməkdaşlığımız var və bu əməkdaşlığı davam etdirəcəyik".
Moskvanın Ukrayna böhranı ilə bağlı mövqeyini açıqlayan Lavrov Qərb ölkələrinin yanaşmasını tənqid edib və əmin edib ki, Rusiya İran da daxil olmaqla xarici vətəndaşların həyatını qorumaq üçün ciddi səylər göstərir.