İranınb XİN başçısı Azərbaycan rəsmisini qəbul edib
İran üzərindən Naxçıvanla kommunikasiya bağlantısı reallaşır
Azərbaycan Respublikası baş nazirinin müavini Tehranda İran İslam Respublikasının xarici işlər naziri ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından, iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan artımdan məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında əldə olunan razılıqların, həmçinin İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrasına tezliklə başlanmasının önəmini vurğulayıblar.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu haqda deyib ki, İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil körpülərini 1 ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.
O xatırladıb ki, bununla bağlı iki ölkə arasında bir müddət əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb.
"Biz bu gün İranın yol və şəhərsalma naziri ilə avtomobil yolu körpülərinin tikintisini və maliyyələşdirilməsi məsələsini, eyni zamanda, layihələrin texniki detallarının layihələndirilməsinin başa çatdırılmasını müzakirə etdik. Düşünürük ki, bir il ərzində avtomobil körpülərini tikib istifadəyə verə bilərik", - deyə o diqqətə çatdırıb.
Şahin Mustafayev qeyd edib ki, dəmir yolu sahəsində də İşçi qrupu təşkil edilib və artıq texniki detalların müzakirələrinə başlayıblar: "Eyni zamanda, elektrik xətlərinin tikintisi üçün də müzakirələr aparılır. Bu layihələr İran və Azərbaycan üçün böyük faydalar gətirəcək, faydalı tranzit bağlantıları olacaq və xalqlarımız bundan faydalanacaq".
Baş nazirin müavini Astaraçay üzərində də avtomobil körpüsünün tikinti layihəsinin 6 ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib və deyib: "Astarada dəmir yol yük terminalının bu ilin sonunadək başa çatdırmaq niyyətindəyik. Düşünürük ki, bu iki layihə də Şimal-Cənub dəhlizinin ən vacib komponentlərindən biri olaraq bu dəhlizin gücünü artıracaq".
Xatırladaq ki, Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiq edilib.