İran sərhədçiləri narkotik qaçaqmalçısı Azərbaycan vətəndaşı ilə toqquşub
Ərdəbil Valiliyinin Təhlükəsizlik İşləri İdarəsinin baş direktoru Əli Məhbubipur bildirib ki, Azərbaycan vətəndaşı İran sərhədini narkotiklə keçərkən İran sərhədçilərinin reaksiya verməsi nəticəsində qarşıdurma baş verib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhbubipur qarşıdurmanın 10 kiloqram narkotik vasitəsi daşıyan azərbaycanlı qaçaqmalçının İran sərhədçilərinə doğru atəş açması ilə başladığını açıqlayıb.
Məhbubipur toqquşmanın Ərdəbil vilayətinin Parsabad şəhərinin Azərbaycan Respublikası ilə sərhəd rayonlarında baş verdiyini bəyan edərək, əlavə edib: "İran sərhədçiləri qaçaqmalçının atəşinə müdaxilə edərək, sərhəd bölgəsində təhlükənin yaranmasının qarşısını alıblar".
O, qarşıdurmanın sonunda silah daşıyan narkotik qaçaqmalçısının İran sərhədçilərinin əməliyyatı nəticəsində zərərsizləşdirildiyini bildirib.
İranın şimal-qərbində yerləşən Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə 380 kilometr ümumi sərhədə malikdir.