Türkmənistan prezidentini rəsmi qarşılama mərasimi +VİDEO
Türkmənistan prezidenti İran prezidentinin rəsmi dəvətilə yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətilə Tehrana daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən,Seyid İbrahim Rəisinin Sərdar Berdı-Məhəmmədovu rəsmi qarşılama mərasimi Tehranda yerləşən Səədabad mədəniyyət kompleksində keçirilib.
Rəsmi qarşılama mərasimindən sonra Səədabad tarixi-mədəniyyət kompleksində İran və Türkmənistan prezidentlərinin iştirakı ilə Tehranla Aşqabad arasında doqquz əməkdaşlıq sənədi imzalanıb.
Seyid İbrahim Rəisi iki ölkə arasında sənədlər və memorandumlar imzalandıqdan sonra birgə mətbuat konfransında Türkmənistan prezidentinin və onu müşayiət edən nümayəndə heyətinin İranda olmalarına görə təşəkkür edib və deyib: Şübhəsiz, bu iştirak iki ölkə əlaqələrində bir dönüş nöqtəsi ola bilər.
İran-Türkmənistan münasibətlərini səmimi adlandıran Rəisi söyləyib: Mənim bir neçə ay bundan öncə Aşqabada səfərim, iki ölkə arasındakı bəzi həmkarlıqları fəallaşdıra bildi. Xüsusən nəqliyyat və qaz svopu sahəsində yaxşı addımlar atılıbdır.
Ölkə prezidenti əlavə edib: Bizim Türkmənistanla əlaqələrimiz yalnız qonşuluq deyil, həm də sivilizasiya, mədəniyyət və qohumluq əlaqəsidir. Bu dərin əlaqə iki ölkə arasında bir çox əməkdaşlıqlara zəmin yarada bilər.
İki ölkə arasında aparılmış müzakirələrin əlaqələrin genişləndirilməsi üzrə iradəni göstərdiyini qeyd edən Rəisi deyib: İki ölkənin əməkdaşlığı üzrə strateji sənədin iyirmi il müddətinə imzalanması əzmindəyik.
Xəzəryanı ölkələrlə həmkarlığın İran İslam Respublikasının xarici siyasət prioritetlərindən olduğunu qeyd edən Rəisi söyləyib: Türkmənistanda Xəzər mövzusu ilə gələcək iclası rəğbətlə qarşılayırıq. İki ölkənin həmkarlığı regional və beynəlxalq əməkdaşlıqlara səbəb olacaq.
İki ölkənin Əfqanıstan barədəki baxışlarının çox yaxın olduğunu vurğulayan İran prezidenti deyib: İnanırıq ki, Əfqanıstanda bütün qövmlərin iştirakı ilə əhatəli bir hökumət formalaşmalıdır.
Türkmənistan prezidenti Sərdar Berdı-Məhəmmədov da birgə mətbuat konfransında deyib ki, danışıqlarda ikitərəfli əlaqələrin perspektivi nəzərdən keçirilib. Bildirib ki, ticarət həmkarlıqları və əlaqələrinin genişləndirilməsi istiqamətində bu imkanlar var.
Energetika və nəqliyyat sektorlarının iki ölkə əlaqələrində strateji bölmələrdən olduğunu bildirən Türkmənistan prezidenti bu sahədəki səylərin davam etməsindən xəbər verib.
Berdı-Məhəmmədov vurğulayıb ki, hər iki ölkə mədəni və humanitar əlaqələri genişləndirməkdə əzmkardır.
O, deyib: BMT və İslam Əməkdaşllığı Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələri genişləndirmək əzmindəyik. Beynəlxalq təşkilatlarda Türkmənistanın təkliflərinə dəstək verdiklərinə görə, cənab Rəisiyə və iranlı rəsmilərə təşəkkür edirik.
Berdı-Məhəmmədov sonda vurğulayıb: İmzalanmış sənədlər iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə səbəb olacaq. Bundan əlavə, cənab Rəisini münasib zamanda Türkmənistana səfərə dəvət edirik.