İyun 19, 2022 10:23 Asia/Baku
  • Rusiya Rəşt-Astara dəmir yolunun inşasında yaxından iştirak edəcək

Rusiya Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılmasında maraqlıdır və bu işdə İrana yaxından kömək göstərəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Pakpeyman ilə görüşündə deyib.

Sankt-Peterburq iqtisadi forumu çərçivəsində keçirilən görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması müzakirə olunub. Qeyd olunub ki, bu dəhliz Rusiya ilə İran arasında ticarət əlaqələrini genişləndirməklə yanaşı, hər iki ölkənin tranzit imkanlarını da artıracaq. Rusiya dəhliz vasitəsilə Fars Körfəzi və Cənub-Şərqi Asiya ölkələri ilə tranzit və ticarət əlaqələrini genişləndirəcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycan ərazisindən keçir. Fars Körfəzi və Cənub-Şərqi Asiyadakı ölkələr yüklərini Bəndərabbas və Çabahar limanları vasitəsilə İrana, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiyaya və əks istiqamətə daşımaq istəyindədirlər. Bu yol həm ucuz, həm də qısa müddətdə yüklərin çatdırılmasına təminat verir.

Hələlik yolun Qəzvin-Rəşt hissəsi tikilib istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya dəhlizin tamamlanmasında maraqlı olduğu üçün İran ilə bu sahədə əməkdaşlığını artırmaqdadır.

Teqlər