İyul 04, 2022 18:14 Asia/Baku
  • İranın yol və şəhərsalma naziri: Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdırılmalıdır

İranın yol və şəhərsalma naziri Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə işarə edərək, bu layihənin başa çatdırılmasının vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cənab Rüstəm Qasimi bu gün səhər Tehranın dəmir yolu vağzalında 319 növ yeni və ya təmir edilmiş vaqonların istismara verilməsi mərasimində deyib: "İran tranzit baxımından yaxşı mövqedə yerləşib və bu, gəlir əldə etməklə yanaşı, inkişafa və qlobal siyasi, sosial və iqtisadi parametrlərə təsirli ola bilər.

O, İranın tranzit xüsusiyyətlərini şərh edərkən, deyib: "Bu gün yük və konteynerlər Hindistandan Şəhid Rəcayi limanına daxil ola, dəmir yolu vasitəsilə Rəştə, oradan isə avtomobil yolu ilə Azərbaycan Respublikasına aparıla və nəhayət Finlandiyaya çatdırıla bilər.

İranın yol və şəhərsalma naziri əlavə edib: "İrandan Finlandiyaya malların daşınması üçün 17 gün lazımdır. Amma bu yük dəniz yolu ilə daşınsa, Qırmızı dəniz vasitəsilə təyinat yerinə çatmaq üçün 45 gün vaxt aparacaq.

O, Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və başa çatdırılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, Rəşt ilə Astara arasındakı məsafə 162 kilometrdir və bu dəmir yolu xətti tamamlanmalıdır.

Rüstəm Qasimi Fars körfəzinin cənub ölkələrinin İranın dəmir yolu xəttindən istifadə etməkdə maraqlı olduqlarını bildirib və deyib: "Bu ölkələr İranın milli dəmir yolu xəttinə qoşulmaq üçün bir sıra təkliflər irəli sürüblər".

Nazir, həmçinin İran şirkətlərinin ölkə daxilində hər növ vaqon və lokomotivlərin istehsalı üzrə qabiliyyətlərini xatırladaraq, daxili imkanlardan maksimum istifadənin zəruriliyini vurğulayıb.

Teqlər