İran, Azərbaycan və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi
Beynəlxalq gömrük əməkdaşlıqları inkişaf etdirilir
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Müqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib və bildirilib ki, hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşurutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.
Rəsmilər deyiblər ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.
Görüş zamanı həmçinin vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.
Yekunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.