İran-Özbəkistan əlaqələri inkişaf etdirilir
Rəisi: İki ölkə arasında ticarət dövriyyəsi 3-4 dəfə artırıla bilər
İran İslam Respublikasının prezidenti deyib: “Tehran-Daşkənd əlaqələri şübhəsiz ki, bu illərdə, xüsusən də Şavkat Mirziyoyevin prezidentliyi dövründə xeyli inkişaf etmişdir və bu əlaqələr daha çox sivilizasiya və mədəni xarakter daşıyır.
SəhərAzəri-nin məlumatına əsasən, özbəkistanlı həmkarının rəsmi dəvəti ilə çərşənbə günü Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci sammitində iştirak etmək üçün Səmərqəndə səfər edən Seyid Seyid İbrahim Rəisi İran və Özbəkistanın birgə komissiyasının iclasında çıxış edərək deyib: “İran İslam Respublikası sanksiyalara baxmayaraq, böyük irəliləyiş əldə edib. Xalq qətiyyətlə təhdidləri fürsətə çevirdi. Bu gün biz müxtəlif sahələrdə inkişaf edirik və İran İslam Respublikasında çoxlu imkanlar yaradılıb.”
Cənab Rəisi əlavə edib: “Özbəkistanın tərəqqisi bizim tərəqqimizdir və biz iki ölkə arasında əlaqələrin inkişafı üçün heç bir maneə görmürük.”
O, iki ölkə arasında anlaşma memorandumunun imzalanmasına toxunaraq, enerji sahəsində əlaqələrin inkişafı istiqamətində yaxşı addımların atılacağına ümidvar olduğunu bildirib.
Rəisi vurğulayıb ki, iki ölkə başçıları səviyyəsində mövcud olan iradə ilə Tehran və Daşkənd arasında ticarət əlaqələrinin səviyyəsi indiki 500 milyon dollardan 3-4 dəfə artırıla bilər.
Bu görüşdə Özbəkistan prezidenti Mirziyoyev də iranlı həmkarının ölkəsinə səfərini tarixi bir səfər kimi qiymətləndirərək deyib: “İran və Özbəkistan inkişaf yoluna qədəm qoyub və bu səfərlər İran-Özbəkistan əlaqələrinin inkişafı üçün möhkəm təməl olacaq.”