İran sərhədlərində 2500 döyüş silahı aşkar edilib
İranın Nizam-İntizam Qüvvələrinin Sərhəd Mühafizəsi Komandanı cari ilin əvvəlindən ölkə sərhədlərindən 2500-dən çox döyüş silahı və 247 min döyüş patronu aşkar edildiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Əhməd Əli Qudərzi İlam vilayətində Dehloran sərhəd məntəqələrinə baxış keçirərkən bildirib ki, son 9 ay ərzində İran sərhədçiləri sərhəd bölgələrində qaçaqmalçılardan 2500-dən çox silah və 247 min döyüş patronu ələ keçiriblər, o cümlədən, təkcə Dehloran sərhəd bölgəsində 200 döyüş silahı və 3000 hərbi sursat ələ keçirilib, 20 qaçaqmalçı da həbs edilib.
O, iki ölkə arasındakı sərhədlərə nəzarət etmək üçün İraq sərhəd mühafizə qüvvələri ilə qarşılıqlı əməkdaşlığa toxunub və deyib: "İraqla diplomatik məsləhətləşmələrdən sonra İraq tərəfi İranın qərbində, İraqın Kürdüstan bölgəsində və İranın Qərbi Azərbaycan, Kürdüstan və Kirmanşah əyalətləri ilə sərhəd bölgələrinə ordu və sərhəd mühafizəsinin iki briqadasını yerləşdirib və iki ölkə arasındakı sərhəddə təhlükəsizlik boşluğu nəzarət altına alınıb".