Azərşəhrin Şəhid Səlimi qəsəbəsində zavodda dəhşətli yanğın baş verib
Bazar günü səhər saatlarında Azərşəhr şəhərinin Şəhid Səlimi sənaye qəsəbəsində istehsalat bölməsi yanıb.
SəhərAzəri-nin məlumatına əsasən, bazar günü səhər Şəhid Səlimi sənaye şəhərciyində avtomobil yağı təmizləmə bloku yanıb.
Güclü istilər səbəbindən bəzi yağ çənləri partlayıb. Xəsarət alanlar və ya mümkün tələfatla bağlı hələlik heç bir məlumat dərc edilməyib. Qaynar yağın partlaması nəticəsində yaranan yanğında yanğınsöndürən maşınlardan biri də yanıb.
Şərqi Azərbaycanın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin baş direktoru deyib: "Hazırda 25 yanğınsöndürən maşın Azərşəhrin Səlimi qəsəbəsində motor yağı zavodunun yanğınını söndürür".
Məhəmməd Hünərbər əlavə edib: "İndi biz motor yağı zavodunda baş verən yanğının söndürülməsinin son mərhələsinə yaxınlaşırıq və Təbrizin Neft Emalı və Neft-Kimya Zavodunun yanğınsöndürən maşınları, bu metropolun üç yanğınsöndürmə məntəqəsi, eləcə də Bünab, Məməqan, Şahid Səlimi qəsəbəsi, Qoqan, Üskü və İlıxçı şəhərlərinin yanğın sündürmə briqadaları bu işə cəlb ediliblər.
O, qeyd edib ki, indiyədək bu hadisə zamanı bir yanğınsöndürən tüstüdən zəhərlənib, amma vəziyyəti qənaətbəxşdir. Maddi ziyanın miqyası isə araşdırılır.
Hünərbər qəzanın səbəbi barədə də deyib: "Qəzanın səbəbləri araşdırılır və tezliklə hər kəsə məlum olacaq"
O, qeyd edib ki, Şərqi Azərbaycan valisinin tapşırığına əsasən, yanğının tamamilə söndürülməsi üçün bölgədəki xilasetmə və təcili yardım xidmətləri tam hazır vəziyyətə gətirilib.
Şəhid Səlimi sənaye şəhərciyi Şərqi Azərbaycanın Azərşəhr şəhərində yerləşir və İranın şimal-qərbindəki ən böyük sənaye mərkəzidir. Bu şəhərciyin 790 istehsalat bölməsində 28 minə yaxın insan çalışır.